"Əli Həsənovun hadisə barədə məlumatı yoxdur"

04-08-2017 23:43 / Bu xəbər 1396 dəfə oxundu

Avqustun 3-də gecə saatlarında Bakının Heydər Əliyev prospektində baş verən qəzada yanan "Mercedes Galendewagen” markalı avtomobilin Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu müəyyənləşib.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Hadisə zamanı N.Allahverdiyevin də maşında olduğu bildirilir. Öncə onun öldüyü, sonra isə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya aparıldığı barədə məlumatlar yayılıb.

Meydan TV Mərkəzi Klinik Xəstəxana ilə əlaqə saxlayıb. Klinikadan xəbəri nə təsdiq, nə də təkzib ediblər. Deyiblər ki, xəstələrin vəziyyəti ilə bağlı yalnız ailə üzvlərinə məlumat verə bilərlər.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, hazırda Əli Həsənov iş başındadır və hadisə barədə onlarda hər hansı məlumat yoxdur.

Virtualaz.org hadisənin şahidlərinə istinadən yazır ki, qəzaya səbəb yüksək sürət və ötüşmə olub. Belə ki, "10 PP 203” dövlət nömrə nişanlı "Mercedes Galendewagen” seriyası nömrəsi bəlli olmayan "777” nömrəli qırmızı rəngli "BMW” ilə yarışa çıxıbmış.

Avtomobildəkilərin çimərlikdən istirahətdən gəldiyi və Heydər Əliyev prospektində 200-250 km/ saat sürətlə hərəkət etdiyi bildirilir. Hətta şahidlər bildirirlər ki, hadisə baş verən zaman N.Allahverdiyevin digər avtomobildə olan dostu camaatı söyərək hadisə yerindən qovubmuş.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov kamera görüntülərinin ictimaiyyətə açıqlanması ilə bağlı danışmağa çətinlik çəkdiyini deyib:

"İndiki qanunvericiliyə görə, hər hansı yol-nəqliyyat hadisəsi baş verirsə, o hadisəyə ağırlıq dərəcəsindən asılı olaraq baş verdiyi məkan üzrə polis idarələrində baxılır. Buna görə sizə informasiya verməkdə çətinlik çəkirəm. Dediyiniz hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır və bütün təfərrüatı ilə məlumatları oradan almaq mümkündür. Mən ancaq onu bilirəm ki, qəza hadisəsi zamanı bir nəfər piyada Vaqif Əsədov həlak olub. Onu da ona görə yadımda saxlamışam ki, ad-soyadı mənimlə eynidir. Hazırda "ekologiya postu”undayam, tədbirdir, həmin hadisə barədə geniş məlumatım yoxdur”.

Sosial şəbəkələrdə Nail Allaverdiyevin avtmobillər kolleksiyasının fotoları var. Həmin fotolara əsasən baş nazirin müavininin nəvəsinin qara rəngli, "10 PP 203” dövlət nömrə nişanlı "Mercedes Galendewagen”lə yanaşı eyni modeldən ağ rəngli avtomobili də var. Hətta fotolardan birində həmin ağ rəngli "Galendewagen” arxası üstə aşmış vəziyyətdə görünür. Nəvənin "Galendewagen”lə törətdiyi birinci qəza olmadığı bildirilir.