Əli İnsanov: 13 ildir ailə üzvlərimin ölkədən çıxışı qadağandır

Əli İnsanov: 13 ildir ailə üzvlərimin ölkədən çıxışı qadağandır

24-05-2018 15:09 / Bu xəbər 2289 dəfə oxundu

Sabiq nazir deyilənləri yalanladı

Keçmiş səhiyyə naziri Əli İnsanov ailə üzvlərinin Azərbaycanı tərk edib Almaniyaya köçməsi barədə yayılan xəbərləri təkzib edib. 

Bu barədə açıqlama yayan sabiq nazir bildirib ki, onun ailə üzvlərinin ölkədən çıxışına 13 ildir ki, qadağa var: 

"Ailə üzvlərimin Almaniyaya getməsi barədə fikirlərin heç bir əsası yoxdur. 2005-ci iin oktyabrında mənim həbsimdən dərhal sonra rəsmi dövlət orqanları ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyub. Bütün ailə üzvlərim Bakıda yaşayır və ölkəni tərk etmək, heç yerə getmək niyyətləri də yoxdur”.

2005-ci il oktyabrın 19-dan həbsdə olan Ə.İnsanov hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. 

O, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, məhkəmə qarşısına mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlarla çıxarılıb. 

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə sabiq nazirə 11 il cəza verilib. 

2016-cı ildə həbsdən çıxmasına 56 gün qalmış ona yenidən cinayət işi açılıb. 

Çəzaçəkmə müəssisəsində psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin mayor rütbəli əməkdaşına kəllə-beyin travması yetirməkdə təqsirləndirilən 70 yaşlı İnsanova yenidən 7 il həbs cəzası verilib.

O, özünü təqsirli bilmir və həbsdən buraxılmaması üçün saxta ittihamlar uydurulduğunu bildirir. Ə.İnsanovun sözlərinə görə, barəsindəki saxta cinayət işi də birbaşa prezident İlham Əliyevin sifarişilə başlanıb.