Əli İnsanov yeni siyasi qurum yaradır

Əli İnsanov yeni siyasi qurum yaradır

03-05-2019 15:14 / Bu xəbər 1382 dəfə oxundu

"24 saat müşahidəyəm, faktiki ev dustaqlığındayam”

Mən siyasətdən uzaqlaşmamışam və yeni bir siyasi qurum yaratmaq fikrindəyəm. Çünki bu saat, Azərbaycanın bugünkü mövcud durumu bunu çox ciddi tələb edir.

Bunu keçmiş səhiyyə naziri Əli İnsanov "Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.

Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının qurucularından biri sayılan Əli İnsanov mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın səhiyyə naziri olub. 2005-ci ildə Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilsə də, sonradan ona qarşı ittiham dəyişdirilib və Əli İnsanov korrupsiya faktlarına görə günahkar bilinib.

2019-cu il martın 16-da prezidenti İlham Əliyevin əfv sərəncamına əsasən Əli İnsanov azad edilib.

Müsahibəsində Əli İnsanov bildirib ki, yaxın aylarda hazırlıq prosesinin başa çatmasını güman edir.

Hazırda fəaliyyətdə olan müxalif partiyaların biri ilə birləşməyin mümkünlüyü ilə bağlı suala keçmiş səhiyyə naziri cavab verib ki, birləşmək şərt deyil.

"Əməkdaşlıq etmək lazımdır. Ona görə də mən Milli Şura və digər qurumlarla əməkdaşlıq etməyə hazıram. Sadəcə, biz də öz qurumumuzu yaradaq sonra kollektiv şəkildə əməkdaşlığa başlayaq”, - Əli İnsanov deyib.

O bəyan edib ki, SSRİ dağıldıqdan sonra onun bir sıra keçmiş respublikalarında yerli diktaturalar yaranmağa başlayıb və bu, artıq 30 ilə yaxındır davam edir.

"Bunlardan biri də Azərbaycandır. Hazırda biz bu diktatura rejimi ilə mübarizə aparmaqdayıq. Azərbaycanda sərbəst fəaliyyət göstərmək, azadlıq, demək olar ki, yox dərəcəsindədir”, - o deyib.

Əli İnsanov bildirib ki, həbsxanadan çıxdıqdan sonra daimi nəzarət altındadır.

"Mən həbsxanadan çıxandan dərhal sonra 4-5 maşın mənim evimin ətrafında növbə çəkir. Onlar məni bir yana çıxanda, hətta qəbiristanlığa gedəndə belə müşayiət edirlər. Sonra mənimlə geri qayıdırlar və 24 saat müşahidədəyəm. Yəni, faktiki ev dustaqlığındayam. Mənim yanıma gələn insanlar çağırılır, təhdid olunur, qorxudulur, prokurorluqda, polisdə. Belə bir vəziyyətdə, əlbəttə ki, mənim geniş təmas qurmaq imkanım məhdudlaşır. Buna baxmayaraq, bizim Azərbaycanda mövcud olan qurumda mübarizə aparmaq əzmimizi sındıra bilmir”.

Əli İnsanov bəyan edib ki, mübarizəsinin məqsədi, Azərbaycanda insan azadlığı, insan haqlarının bərpa olunması, tapdanmış haqların insanlara qaytarılması, ədalətin ölkədə bərqərar olması, ölkəmizi məcburu tərk etmiş çox dəyərli vətəndaşlarımızın ölkəyə qayıtması, həbsxanada olan bütün siyasi məhbusların azad olunması, şərlənib həbsxanaya salınmış çox dəyərli vətəndaşlarımızın azadlığa çıxmasıdır.

Bundan başqa keçmiş nazir Azərbaycanın hazırki daxili və xarici siyasəti ilə tam razı olmadığını bildirib.

"Azərbaycanın xarici və daxili siyasəti, müşahidə etdiyimiz illər ərzində çox bərbad haldadır. Aparılan xarici siyasət məntiqə sığmır, Azərbaycan xalqının iradəsini ifadə etmir. Hərə özü bildiyi kimi təqdim edir bu siyasəti. Prezidentimizə xaricdə dünyanın ən korrupsioner prezidenti adı verilib. Onların tənqid olunmaması üçün və siyasi məhbusların azadlığa buraxılmaması üçün Avropada 3 milyard dollar pul xərcləndi. Bunların hamısı təkcə prezident yox, bütünlükdə xalqımızın imicinə vurulan böyük zərbədir və Qarabağ məsələsinin həllinə olduqca böyük zərbədir”.

Onun fikrincə Azərbaycanda insanlar iqtidardan üz döndərib.

"Prezident seçkilərində heç kəs, demək olar ki, səs vermədi. Yəni, bugünkü siyasət prezident başda olmaqla bəyənilmir, dəstəklənmir və sevilmir. Xalqa qarşı aqressiv siyasət aparılır. Guya, xalq dəstəkləmədiyi üçün cəzalanmalıdır?”

Əli İnsanov Qarabağ probleminin həlli yollarına da toxunub və bildirib ki, bu məsələnin həllində iki problem həll olunmalıdır.

"Birinci problem ondan ibarətdir ki, biz Azərbaycanda elə xoşagələn, elə gözəgəlimli, elə bir gözəl açıq demokratik cəmiyyət qurmalıyıq ki, ermənilər, bizim Qarabağdakı vətəndaşlarımız Azərbaycanın tərkibində qalmaqda maraqlı olsunlar. Hədə-qorxu ritorikasını qurtarmaq lazımdır. Bu iki xalqın günahı yoxdur ki, indiki münaqişə bu vəziyyətə gəlib-çıxıb. Bu xalqların barışığına getmək lazımdır. Problem ancaq və ancaq sülh yolu ilə həll oluna bilər. Ona görə də ikinci məsələ, Azərbaycanı etibarlı tərəfkeş kimi təqdim etmək lazımdır. Beynəlxalq qurumlar Qarabağ məsələsinin həll olunmasında Azərbaycan tərəfinə inanmırlar. Azərbaycanın xarici və daxili siyasəti alverdən başqa bir şey deyil və çoxu yalandır”.

Bundan başqa keçmiş nazir avroməkana inteqrasiyanın tərəfdarı olduğunu deyib.

"Azərbaycan görüntü yaratmamalıdır. Biz Avropaya inteqrasiya etməliyik. Azərbaycanın yeganə yolu Avroatlantik məkandır. Biz Avropa sərhədlərində, həqiqətən Avropa İttifaqı sərhədlərində yaşasaq, o coğrafiyaya düşə bilsək, Azərbaycanın suverenliyi də, təhlükəsizliyi də təmin oluna bilər. Biz rahat yaşayarıq. Bu, mütləqdir. Ona görə də əgər İlham Əliyev bu gün referendum elan etsə ki, mən Azərbaycanı Avropaya aparıram, mən onu dəstəkləyərəm”.

Əli İnsanovun müsahibəsinə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov "Facebook” sosial şəbəkəsindəki profili vasitəsilə cavab verib.

O bildirib ki, prezidentin əfvi nəticəsində azadlığa çıxan Əli İnsanovun mətbuata verdiyi müsahibələr onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət.

"Onun ümummilli lider Heydər Əliyev yoluna xəyanəti artıq çoxdan bəllidir. Müsahibəsində isə Əli İnsanovun xəyanəti yeni formada və səviyyədə özünü göstərdi. Keçmiş nazir indi separatçı erməni ideoloqu kimi özünü təqdim və təsdiq etməyə çalışır. Bu isə milli xəyanətdən başqa bir şey deyildir. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu, guya ermənilərin Azərbaycanda mənəvi-iqtisalarının qeyri-mümkün olması haqqında əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsinə ayrı cür ad vermək mümkün deyil. Görünür, Azərbaycan xalqının dəstəyini qazanmaq xülyasının boşa çıxmasından sonra o, ermənilərin, Qərbdəki erməni lobbisinin dəstəyinə arxalanmaq fikrinə düşüb. Burada qeyri-ixtiyari nazir olarkən İrəvana səfəri zamanı ermənilərlə qol qaldırıb oynaması haqqında vaxtilə ağızıdolusu danışması yada düşür. Deməli, heç nə təsadüfən baş vermir. Hər şeyin bir səbəbi, bir izahı var”.

Əli Əhmədov
Mənbə: meydan.tv

Əli Əhmədov yazıb ki, Əli İnsanovun simasının digər xarakterik cəhəti olan riyakarlıq isə ən riyakar insanlarda belə qibtə doğura bilər.

"On ildən çox nazir kimi çalışdığı hakimiyyəti "diktatura” adlandırması nə məntiqə, nə insanlığa sığır. Nazir olarkən bəlağətlə hakimiyyəti tərifləyən, müxalifət nümayəndələrini isə təhqir edən Əli İnsanov indi tam əksini edir. Soruşmaq lazımdır: Əli İnsanov, sənin hansı simana inanaq? Vaxtilə müxalifəti ən ağır sözlərlə təhqir edərkən gördüyümüz simana, yoxsa indi əvvəllər sədaqətlə qulluq etdiyini dediyin hakimiyyətə böhtan atan sifətinə. Yəqin ən düzgün cavab bu olar ki, heç birinə. Buna isə simasızlıq deyirlər”.