Əli İnsanovun yeni partiya yaratdığı bildirilir

Əli İnsanovun yeni partiya yaratdığı bildirilir

25-11-2019 12:10 / Bu xəbər 1074 dəfə oxundu

Partiyaya Bəxtiyar Vahabzadənin oğlu da qoşulur

Azərbaycanda Haqq Ədalət Partiyasının yarandığı haqqında açıqlama yayılıb. 

Noyabrın 24-də partiyanın Təşkilat Komitəsinin sədri sabiq səhiyyə naziri Əli İnsanov seçilib.

Məlumatı Meydan TV-yə partiyanın Təşkilat Komitəsinin katibi Rəşad Abbaslı verib.

O bildirib ki, Təşkilat Komitəsinin 15 nəfərdən ibarət üzvü seçilib. Rəşad Abbaslı Təşkilat Komitəsinin üzvlərinin siyahısını təqdim edib: 

Azərbaycanın Fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor, Moldava Respublikasının Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik İsfəndiyar Vahabzadə, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova, Masallı rayon Məhkəməsinin sabiq sədri, Baş Prokurorun sabiq köməkçisi Mirədalət Talışxanov, Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sabiq sədri Eyvaz Əliyev, iqtisadçı-sahibkar, hazırda Xarkovda yaşayan Oruc Muradov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı İlqar Quliyev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyətinin sabiq üzvü, hüquqşünas Babək Adıgözəlov, mühəndis-sahibkar Yalçın Qəhrəmanoğlu, jurnalist, Azel tv-nin rəhbəri Əfqan Sadıqlı, I Qarabağ müharibəsi iştirakçısı Zaur Bayramoğlu, ictimai fəal Murad Muradov, mühəndis Rəşad Abbaslı, keçmiş polis zabiti, hüquqşünas Fərrux Binətzadə, iqtisadçı Murad Quliyev.

Rəşad Abbaslı iclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə apardıqlarını, nizamnamə və proqramın yazılıb başa çatdırılması üçün tapşırıqlar verildiyini qeyd edib.

Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının qurucularından biri sayılan Əli İnsanov mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın səhiyyə naziri olub.

2005-ci ildə Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilsə də, sonradan ona qarşı ittiham dəyişdirilib və korrupsiya faktlarına görə günahkar bilinib. 

O, 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. 

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Kabineti Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi). Nəticədə onun barəsində 7 il azadlıqdan məhrumedilmə cəzası çıxarılıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus" kimi tanıyıb. 2019-cu il martın 16-da prezidenti İlham Əliyevin əfv sərəncamına əsasən Əli İnsanov azad edilib.