Əli Kərimli Baş Prokurorluqda dindirildi

Əli Kərimli Baş Prokurorluqda dindirildi

16-06-2017 18:20 / Bu xəbər 1146 dəfə oxundu

Bu gün ( 16 iyun) Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 3 saatdan çox dindirilib.

Dindirmə AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə olub. 

Bu barədə Ə.Kərimli Turan-a  məlumat verib. O, cinayət işini "absurd, saxta, uydurma" adlandırıb.

Ə.Kərimli bildirib ki, G.Bayramlının həbsinin anonsu hakimiyyət carçılarından birinin materiallarında verilmişdi. 

Bu media böhtan xarakreli materialların dərci ilə püxtələşib.

G.Bayramlının həbsi isə qanun pozuntusu ilə keçirilib. Onun gömrük nəzarətindən keçməsinə belə imkan verilməyib.

G.Bayramlıya qarşı irəli sürülən cinayət az ağır cinayətlərə aid olsa da, təhqiqat Ağır Cinayətlər üzrə İstintaq İdarəsində aparılır ki, bu da G.Bayramlıya qarşı qərəzin olmasından xəbər verir.

"Rejim bu cür cinayət işləri ilə öz hakimiyyətinin ömrünü uzatmaq istəyir. Ancaq onlar başa düşmürlər ki, cəmiyyət 2-3 adamdan ibarət deyil və xalqa qalib gəlmək mümkün deyil", - Ə.Kərimli vurğulayıb.

G.Bayramlı mayın 25-də Gürcüstandan gələrkən saxlanılıb. O, qaçaqmalçılıqda ittiham olunub. G.Bayramlı gömrük bəyannaməsi təqdim etmədən 12 min dollar gətirməkdə ittiham edilir.