Əli Kərimli: "Hakimiyyət qorxur ki, müxalifət mitinq qərarı verə bilər"

Əli Kərimli:

27-08-2019 20:28 / Bu xəbər 1505 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri inzibati qaydada kütləvi həbs olunur.

Avqustun 20-dən başlayaraq 1 həftə ərzində AXCP-nin 7 üzvü saxlanaraq inzibati qaydada həbs edilib.

Onlara müxtəlif ittihamlarla 10-60 sutka inzibati həbs cəzası verilib. 

Avqustun 20-də gənc fəal Səhlədar İsgəndərli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. 

O, Bakının mərkəzində keçirdiyi təkadamlıq aksiyaya görə 60 sutka həbs edilib. 

Avqustun 20-də gənc fəal Vilayət Məmmədova 30 sutka inzibati həbs verilib.

Avqustun 22-də fəal Ceyhun Novruzov xırda xuliqanlıq ittihamı ilə 10 sutka müddətinə həbs olunub. 

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) Səbail Rayon Məhkəməsinə aparılıb.

Avqustun 21-də  AXCP-nin Salyan rayon şöbəsinin üzvü Elzamin Salayev İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə (xırda xuliqanlıq) 50 manat cərimələnib.

Avqustun 23-də AXCP Şəki rayon şöbəsinin sədri Mübariz Abdulkərimov Şəki Rayon Məhkəməsi tərəfindən 15 sutka inzibati həbs cəzsı alıb.

Avqustun 24-də AXCP Hacıqabul rayon şöbəsinin sədri İmaməddin Heydərov Şirvan Şəhər Polis Şöbəsində saxlanılıb.
 
Daha sonra 30 sutka inzibati həbs cəzası alıb. 

Avqustun 25-də AXCP Abşeron şöbəsinin üzvü Qorxmaz Əliyev Abşeron Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşının qanuni tələblərinə tabe olmama) maddəsi təqsirli bilinib və 200 manat cərimə olunub.

Bəs bu həbslərin səbəbi nədir? Qarşıdan hər hansı bir kütləvi aksiya və ya mitinq gözlənilirmi?

AXCP sədri Əli Kərimli Toplum.Tv-yə deyib ki, həbslərin səbəbi kütləvi qorxu mühiti yaratmağa hesablanıb: "Mən hesab edirəm ki, bunun əsas səbəbi yay aylarında AXCP-ə yeni üzvlərin axını ilə bağlıdır. Bu proses hakimiyyəti narahat edir. Hakimiyyət gördü ki, həqiqətən də, son dövrlər Xalq Cəbhəsinə ciddi bir axın var. Ona görə də təzyiqlərə əl atıb".

Kərimli bildirib ki, ölkədə şərtlər çox çətindir, amma buna baxmayaraq, AXCP-yə müraciətlər artır: "Xalq Cəbhəsi daha da böyüyür. Digər tərəfdən də cəmiyyətdə 19 yanvardan sonra mitinq ovqatı dağılmayıb. Cəmiyyətin etirazları günü-gündən kəskinləşir, mitinq tələbləri artır və hakimiyyət qorxur ki, payızda müxalifət yenidən mitinq qərarı verə bilər. Ona görə profilaktika xarakterli tədbirlər görür".