Əli Kərimli: “Məhsul” stadionu təcili xalqa qaytarılmalıdır"

Əli Kərimli: “Məhsul” stadionu təcili xalqa qaytarılmalıdır

10-09-2019 15:57 / Bu xəbər 1277 dəfə oxundu

Yasamal Rayon İcra Hakimiyyətindən (YRİH) verilən məlumata görə, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində ("Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti  işləri başlanıb.

İcra hakimiyyətinin açıqlamasında təmirə səbəb kimi stadionun uzun illər baxımsız qalması göstərilib: "Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub”.

İcra Hakimiyyəti həmçinin sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq təmirə başladıqlarını qeyd edib. 

"Həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə Yasamal Rayonu İdman-Sağlamlıq Kompleksində ("Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb”.

Stadion daha çox müxalifət üzvlərinin mitinqlərini keçirdiyi yer olaraq yaddaşda qalıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli stadionun sökülməsinə münasibət bildirib.

O deyib ki, hökumət xalqın  etiraza çıxmasından qorxduğu üçün bu addımı atıb: "19 yanvar mitinqi zamanı yaşadıqları həyəcan hələ də canlarından çıxmayıb. 19 yanvarın qisasını "Məhsul” stadionundan alırlar. Yenə də səhv yoldadırlar. 19 yanvarın hikməti, gücü indi sökülən stadionda yox, xalqda idi. Bəs 19 yanvardan sonra narazılığı, etiraz enerjisi daha da artmış, dəyişiklik istəyən xalqla nə edəcəklər? Get-gedə daha çox insan başa düşür ki, xalq istəsə, ölkənin hər bir meydan və küçəsini nəinki "Məhsul”, hətta Azadlıq meydanı edə bilər”.

AXCP sədri hakimiyyətə çağırış edərək deyib ki, "Məhsul” stadionu təcili təmir edilib xalqa qaytarılmalıdır: "Ya da mərkəzdə mitinqlər üçün yerlər ayırın. Əks təqdirdə bir gün mütləq "Məhsul”u sökdüyünüz üçün peşman olacaqsınız. Ancaq sonrakı peşmançılıq da fayda verməyəcək”.

Sökülən stadionda son mitinq 2019-cu ilin 19 yanvarında keçirilib. 

Bakı Şəhər Baş Polis İdarəsinin verdiyi məlumata görə, mitinqdə 2800 adamın iştirak etdib.

Müxalifət üzvləri isə rəsmi açıqlamada rəqəmin dəfələrlə kiçildildiyini və mitinqdə 10 mindən çox insanın iştirak etdiyini iddia ediblər. 

19 yanvar mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti müxalifət üzvlərinə mitinq keçirməyə icazə verməyib.
 
Toplum.Tv