Əli Kərimli: “Rejim bəzi cinayətləri törədib, həmin qrupun üzərinə ata bilər”

Əli Kərimli: “Rejim bəzi cinayətləri törədib, həmin qrupun üzərinə ata bilər”

12-09-2019 17:01 / Bu xəbər 871 dəfə oxundu

"Heç bir şübhəm yoxdur ki, "Milli fədailər” rejimin, yəni iqtidarın himayəsində yaradılmış bir qrupdur”

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiya fəalı Ruslan Əmirlinin həbsinə münasibət bildirərkən deyib. 

AXCP sədri Toplum Tv-yə bildirib ki, məsələ ilə bağlı öz feysbuk səhifəsindən hakimiyyətə müraciət ünvanlayıb: "Çəbhəçi dostlarımın da hər ikisi rəsmən Daxili İşlər Nazirliyinin müvafiq strukturlarına müraciət ediblər. Çox təəssüf ki, hələ heç bir reaksiya yoxdur. Sadəcə, prezident aparatının rəsmisi Əli Həsənov onlara haqq qazandıran açıqlama verib. Başqa bir hüquqi prosesin başlaması haqqında bizdə məlumat yoxdur. Açığı gözləntimiz də yoxdur. Heç bir şübhəm yoxdur ki, bu qrup rejimin, yəni iqtidarın himayəsində yaradılmış bir qrupdur. Hələ ki mən onların hansısa ciddi addımlar atmağa qadir olduğunu düşünmürəm. Amma hökumət bunu da nəzərə alır ki, xalqın gərginliyi və narazılığı artır. Hansısa mərhələdə rejim bəzi cinayətləri törədib, həmin qrupun üzərinə ata bilər”.

Ruslan Əmirlinin həbsindən əvvəl özünü "Fədailər qrupunun başçısı” kimi təqdim edən, sosial şəbəkədə əlisilahlı fotoları yayılmış Fuad Muradov adlı şəxs AXCP üzvünü ölümlə hədələmişdi. 

Ruslan Əmirli kütləvi tədbirlər zamanı partiya sədri Əli Kərimlini könüllü şəkildə mühafizə edir.

Əli Kərimli həmçinin deyib ki, fədailər adı ilə yaradılan qrup ciddi işlərə qadir olan bir qrup deyil: "Bizi hədələyən birbaşa rejimin özüdür. Onlar özbaşına bu şeyləri etmirlər. Sonda gördünüz ki, bu iş həbslə bitdi. Çünki təhdid və hədələr cəmiyyət tərəfindən ağır təpki aldı. Həmin insanlara qarşı birmənalı qınama reaksiyası doğurdu. Ona görə də hökumət bu dolayı əli kənara qoyub birbaşa özü gəlib həbslə cəzalandırdı. İstisna eləmirəm ki, siyasi fəallığın artması ilə yanaşı, digər həbslərdə ola bilər. Çünki hakimiyyət çox narahatdır. Ölkədə siyasi aktivlik artır. Onlarda bunu hiss edir. Keçirilən tədbir də artan gərginlik fonunda baş vermiş tədbirdir”.

Bəzi siyasi partiyalar 11 sentyabrda iqtidar-müxalifət dialoqu adı altında dəyirmi masa keçirib. 

AXCP də daxil olmaqla bəzi müxalif partiyalar tədbirə dəvət edilməyib, bəziləri isə dəvətdən imtina edib.

Əli kərimli hakimiyyətdə hansı narahatçılıqların olduğunu da izah edib. 

O deyib ki, hakimiyyətin daxilində kəskin qarşıdırmalar var: "Hökumət daxilində çox ciddi şəkildə gərginlik var. Hiss olunur ki, daxili münasibətlərini tənzimləyə bilmirlər. Ən əsası onlarda hiss edirlər ki, xalqın narazılığı və gərginliyi artır. Mitinq çağırışları artır. Mənim axırıncı çıxışlarımda mövzu tamam başqa olsa da, qoymurdular danışmağa. Onlar da diqqətlə izləyirlər və görürlər ki, xalqın narazılığı artır və hər an etirazlar başlaya bilər”.
 
Yasamal Rayon Məhkəməsində avqustun 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirliyə hökm oxunub.

O, xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunub.

Hakim Hüseyn Səfərov Ruslan Əmirlini İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək, ona 30 sutka həbs cəzası verib.

Sentyabrın 10-da dostları AXCP fəalı Ruslan Əmirlinin Bakıda, Milli Onkologiya Mərkəzinin qarşısında saxlanıb, naməlum istiqamətə aparıldığı məlumatını yaymışdılar. Daha sonra onun polis tərəfindən aparıldığı məlum oldu.

AXCP Ruslan Əmirlinin gecəni Yasamal rayon 29-cu polis bölməsində keçirdiyini bildirib.

Sentyabrın 10-da hadisədən dərhal sonra özünü "fədailər qrupunun başçısı” kimi təqdim edən Fuad Muradov bloger Nurlan Libreyə müsahibəsində Ruslan Əmirlinin qaçırılması məsələsini öz üzərinə götürdüyünü bildirmişdi.