Əli Kərimli: "Xalqın etimad edəcəyi bir orqan belə qalmayıb"

Əli Kərimli:

04-07-2018 19:02 / Bu xəbər 1856 dəfə oxundu

"Nəhayət, ölkədə baş verən bu qədər hadisədən iki gün sonra Prezident Adminstrasiyası (PA) öz varlığını yada salıb. Yoxsa hamı elə bilirdi ki, onlar yoxdur. Bunun özü elə bir xəbərdir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bunu Azadlıq Radiosuna Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyeva silahlı basqınla bağlı Prezident Adminitrasiyasının iyulun 4-də yaydığı açıqlamanı dəyərləndirərkən bildirib.

AXCP sədri deyib: "PA-sı bu hadisələrlə bağlı vaxtaşırı xalqa izahat vermək yerinə görünmürdü, susurdu. Bundan da irəli gələrək ölkəni doğru- yalan xəbər dalğası bürümüşdü. Təkcə bu faktın özü göstərdi ki, hökumətin informasiya siyasəti sıfırdır”.

Ə.Kərimliyə görə, baş verənlər göstərdi ki, ölkədə hökumətin çox öyündüyü sabitlik o qədər də möhkəm deyil.

Patriya sədri bildirib ki, sabitlik legitimlik üzərində qurulur və legitimlik olmadığı halda sabitlikdən danişmağa dəyməz:

"Sabtilik üçün hakimiyətin qolları məlum olmalı və fəaliyyət göstərməlidir. İdarəçilik institutlaşmalıdır, amma bunun heç biri yoxdur. Ən əsasıı xalqın etimad edəcəyi bir orqan belə qalmayıb”.

Ə.Kərimli hesab edir ki, bu hadisələrdən hökumət bir sıra nəticələr çıxarmalıdır. Onun fikrincə, ilikin çıxarılan nəticə o olmalıdır ki, xalqın hökumətdən ciddi narazılığı var.

Ə.Kərimli vurğulamasına görə, baş verənlər göstərir ki, müharibə şəraitində yaşadığı deyilən ölkədə nə hökumət oqranları, nə də müəssisələr fövqəladə vəziyyətə hazırdırlar:

"Hökumət başa düşməlidir ki, avtoritarizm dövlət idarəçiliyini məhv edib, məmurlar qanunla yox, təlimatla işləməyə öyrəşiblər, təlimat olmadıqda nə edəcəklərini belə bilmirlər”.

Ə.Kərimli deyib ki, baş verən xalq narazlığı fonunda müxalifət çox sönük qalıb:

"Bu gün halimiyyətə əsl müxalif müxalifət yox, sadə, amma narazı xalqın özüdür”.

***

Prezident Administrasiyası: "Hökumət cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır"

Prezident Administrasiyası 

​Azərbaycan Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası (İES) ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yarımstansiyalarından birində baş verən qəza nəticəsində ölkənin böyük hissəsi, o cümlədən Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

"İnsan tələfatına yol verilməyib”

" Prezidenti İlham Əliyev dərhal məsələni nəzarətə götürüb, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar verib, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaradıb.

Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr – təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı ciddi nəzarətə götürülüb və onların idarə olunması işi təşkil edilib. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınıb, ən əsası, insan tələfatına yol verilməyib”

Məlumatda vurğulanır ki, hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir:

"Təəssüf ki, əhali Mingəçevirdəki İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər. Məsələ barədə dərhal Azərbaycan prezidentinə məlumat verilib. Müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanıb və məsuliyyətə cəlb edilib.

Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir”

Məlumatda habelə qeyd edilir ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları, sosial şəbəkələr vasitəsilə Mingəçevirdəki İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilən silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıblar:

" Dövlət, xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdiriblər. Həmçinin, özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstəriblər.

Mingəçevirdəki İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları zəruri tədbirlər görüblər. Qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub”.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verdiyi bildirilirdi. Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib. Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və işıqların söndüyü bölgələrdə elektirikin böyük ölçüdə bərpa edildiyi açıqlanıb.

Rəsmi açıqlamada vurğulandı ki, ilkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub.

Gəncədə baş verən silahlı hadisə ilə bağlı isə 35 yaşlı Yunis Səfərovun saxlanaraq, tərksilah edildiyi qeyd edilir.

"Fakt üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb”, deyə hüquq mühafizə orqanılarının açıqlamasında qeyd edilirdi.

Rəsmi açıqlamaya, hələlik, silahlı basqında ittiham edilən Yunis Səfərovun yaxınları və vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.