Əli Kərimlidən Avropa çağırışı

Əli Kərimlidən Avropa çağırışı

29-11-2019 11:40 / Bu xəbər 1064 dəfə oxundu

Noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxış edən prezident İlham Əliyev gəncləri böyük-kiçik məsələsinə fikir verməyə çağıraraq deyib: "İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, onları qorumalıyıq, müdafiə eləməliyik.

Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin.

Yaşlılara hörmət olunmalıdır. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal”, "ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.

Noyabrın 27-də özünün "Facebook” səhifəsində prezidentin çıxışına münasibət bildirən AXCP sədri Əli Kərimli yazır ki, Avropa İttifaqına inteqrasiyaya qarşı çıxmaq milyonlarla azərbaycanlının istək və arzularına ziddir: "Heç şübhəm yoxdur ki, milyonlarla soydaşımız perspektivdə ölkəmizin məhz Avropa İttifaqına inteqrasiya etməsini istəyir. Əksəriyyət arzulayır ki, Azərbaycanda da Avropa İttifaqındakı kimi qanunun aliliyi, hüquq və azadlıqlar təmin olunsun. Azad mətbuat olsun, hakimiyyətləri xalq seçsin. Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər. Bizdə də polis, məhkəmə, təhsil, səhiyyə, bələdiyyə, vergi, gömrük Avropadakı kimi olsun, xalqa problem yaratmasın, xidmət etsin. Kim bunları istəməz?

İstəmirikmi ki, bizdə də elmin, yüksək texnologiyaların inkişafına, korrupsiyasız, monopoliyasız azad bazar iqtisadiyyatına şərait yaradılsın? Bu gün inkişaf etmiş ölkələrdəki sosial təminat sisteminə – yüksək məbləğli pensiyalara, uşaqlara, yaşlılara, əlillərə dövlət səviyyəsində qayğıya, işsizlər, evsizlər, tələbələr üçün yaradılan imkanlara əksəriyyət bir az da həsəd hissi ilə baxmırmı?

İstəmirikmi ki, Avropa ölkələrinə vizasız gedib-gələk, ehtiyacı olanlar orada işləyə, müalicə oluna, oxuya bilsin? İmkanı olanlar gəzməyə, dincəlməyə getsin, bacaranlar gömrüksüz, sərbəst ticarət etsin? İstəmirikmi ki, Avropa bankları vətəndaşlarımıza hazırkı monopolist banklardan 4-5 dəfə ucuz kredit versin? Avropanın etibarlı sığorta şirkətləri, aviasiya şirkətləri Azərbaycan bazarındakı monopoliyanı dağıtsa, milyonlarla azərbaycanlı etibarlı sığorta xidməti ilə təmin olunsa, vətəndaşlarımız dəfələrlə aşağı qiymətlərlə istədikləri şəhərlərə uça bilsə, xalqımız bundan qazanmazmı?

Əlbəttə, nəzəri cəhətdən bütün bunları Avropa İttifaqına inteqrasiya etmədən də həyata keçirmək olar. Bu gün artıq dünyada Avropa ölkəsi olmayan onlarca ölkədə bu islahatlar həyata keçirilir, ümumbəşəri dəyərlərə dövlət səviyyəsində hörmət qoyulur, azad ticarət, azad iqtisadiyyat qurulur. Ancaq bu sirr deyil ki, bizim situasiya və yerləşdiyimiz coğrafiya baxımından ölkəmizdə bütün bu işlərin görülməsi üçün Avropa İttifaqına inteqrasiya olduqca vacib, yardımçı mexanizmdir. Avropa İttifaqına inteqrasiyamız Avropadan daha çox bizə gərəkdir. Məhz biz özümüz toplum olaraq yuxarıda qeyd etdiyim islahatlara nail olmaq üçün Avropa İttifaqına inteqrasiya kursunu müdafiə etməliyik”.

1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.

Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2009-cu ildə elan olunmuş proqram Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanı da əhatə edir.

2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.