Əli Kərimlinin müşavirinə daha 6 ay həbs istənildi

Əli Kərimlinin müşavirinə daha 6 ay həbs istənildi

08-01-2019 16:25 / Bu xəbər 1264 dəfə oxundu

2015-ci ilin sentyabrından həbsdə olan AXCP sədrinin müşaviri Məmməd İbrahimə prokuror daha 6 ay 2 gün həbs cəzası istəyib. 

Yanvarın 8-də Suraxanı Rayon Məhkəməsində çıxış edən prokuror deyib ki, cəzaçəkmə müəssisəsində yatağından bıçaq tiyəsi tapılmasına görə CM-nin 317-1.2 maddəsi ilə ona verilmiş ittiham üzrə 6 ay cəza tələb olunur. 

İki gün isə onun əvvəlki cəzasından qalan günlərdir.

Prokurorun çıxışından öncə məhkəmədə Heydər İsgəndərov adlı hal şahidi dindirilib. 

O, vaxtilə 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıb. M.İbrahimin işi üzrə hal şahidliyindən az sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Məhkəmədə deyib ki, M.İbrahimin yatdığı döşəkdən bıçaq tiyəsi çıxdığını görüb. Amma əşyanın məhz ona məxsus olub-olmadığını bilmir.

M.İbrahim keçmiş məhkum yoldaşı olan şahidə sual verməkdən imtina edib: "Mən ona sual verərdim. Amma o da birdən həqiqəti açıb desə, idarəyə aparılıb protokola imza atmağa məcbur edildiyini, hal şahidliyinə görə məntəqə tipliyə köçürüldüyünü danışsa, necə olacaq? Əlbəttə ki, onu yenidən həbsə qaytararlar. Mən isə onun həbsə qaytarılmasını istəmirəm".

M.İbrahimin vəkilləri də çıxış ediblər. Deyiblər ki, ittihamın əsassız olması elə cinayət işinin materiallarında olan sənədlərin uyğunsuzluğundan da görünür. Vəkillər bildirib ki, sənədlərdəki tarixlər, nömrələr onların əvvəlcədən hazırlanıb saxlandığını göstərir.

"Cəzaçəkmə müəssisəsindən Məmməd İbrahim haqqında verilən xasiyyətnamədə onun Əli Kərimlinin müşaviri olması vurğulanıb. Onun dindar, vəhhabiliyə meylli olması, hökumət əleyhinə təbliğat aparması qeyd olunub. Bütün bunlar göstərir ki, Məmməd İbrahimə qarşı baş verənlər onun siyasi mənsubiyyəti, tənqidi fikirlərinə görədir. Bu səbəbdən onu azadlığa buraxmaq istəmirlər. Ona görə də «döşəkdən bıçaq tapılması» əməliyyatı quraşdırılıb. Döşəyi Məmməd İbrahim hazırlamayıb, inventardır. Hətta iddia olunduğu kimi, bıçaq tiyəsi oradan tapılıbsa belə, necə sübut etmək olar ki, onu ora Məmməd İbrahim qoyub?", – vəkillər çıxışında belə deyib.

Müdafiəçilər çıxışlarının sonunda ittihamın saxta olduğunu vurğulayaraq, M.İbrahimə bəraət verilməsini istəyiblər.

Yanvarın 10-da M.İbrahim son sözünü deyəcək, ardınca hökm elan ediləcək.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahimin ittiham olunduğu 317-1.2 (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub.

M.İbrahim ittihamı rədd edir və bıçaq tiyəsinin onun yatağına həbsdən çıxmasının qarşısını almaq məqsədilə müəssisənin əməkdaşları tərəfindən atıldığını bildirir.

Penitensiar Xidmət isə M.İbrahimin bu barədə söylədiklərini əsassız sayır.

Azadlıq Radiosu