Əli Kərimlinin qaynının şikayətinə baxılacaq

Əli Kərimlinin qaynının şikayətinə baxılacaq

18-07-2017 15:47 / Bu xəbər 1295 dəfə oxundu

AXCP sədri Əli Kərimlinin qaynı, «Texnikabank»ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidov həbsxanadan çıxmaqdan ötrü məhkəməyə üz tutub. «Texnikabank» işinə görə 7 il 6 ay azadlıqdan məhrum edilən E.Seyidovun vəkili Fəxrəddin Mehdiyev onun məntəqə tipli həbsxanaya köçürülməsi üçün məhkəməyə müraciət edib.

Vəkil müraciətində göstərib ki, dağınıq skleroz xəstəliyi ucbatından səhhətində ciddi problemlər olan E.Seyidov cəzanın üçdə iki bölümünü çəkib.

Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayev iddianı təmin etməyib. Fəxrəddin Mehdiyev həmin qərardan apellyasiya şikayəti verib. İyulun 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə bu şikayət üzrə ilkin baxış iclası keçirilib.

E.Seyidovla bağlı məhkəmə baxışı avqustun 2-nə təyin olunub.

Elnur Seyidov 2012-ci ilin martında MTN tərəfindən «Texnikabank» işinə görə həbs edilib. 

Vəkili deyir ki, onun müvəkkilindən başqa həmin iş üzrə həbs olunanların hamısı azadlığa buraxılıb: "Ən əsası, Elnur Seyidov heç bir təqsiri olmadan, qondarma ittihamla həbs olunub. Onun illərdir ağır vəziyyətdə həbsdə saxlanmasının tək səbəbi var – Əli Kərimlinin qaynı olması".

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Elnur Seyidovun özü də ittihamları rədd edir və heç bir cinayət törətmədiyini söyləyir.