Elçibəyin yubileyinin qeyd olunması üzrə Təşəbbüs Qrupu yaradıldı

Elçibəyin yubileyinin qeyd olunması üzrə Təşəbbüs Qrupu yaradıldı

05-02-2018 15:31 / Bu xəbər 2200 dəfə oxundu

Azərbaycanın keçmiş prezidenti, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin 80 illik yubileyinin qeyd olunması üzrə Təşəbbüs Qrupu yaradılıb.

Qrupda Ə.Elçibəyin sabiq mətbuat katibi, professor Ədalət Tahirzadə, Elçibəy İrsini Araşdırma Fondunun sədri Mircəlal Yüsifli, eks-prezidentin dostu, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Abbas Musayev, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, yazıçı Mehriban Vəzir, professor Almaz Əliqızı, Ə.Elçibəyin mühafizə xidməti rəisinin sabiq birinci müavini Oqtay Məmmədov və Milli Ləl-Cəvahirat Fondunun sabiq direktoru İsfəndiyar İsgəndərov təmsil olunurlar.  

Qrupun Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökümət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, ziyalılara və ictimai-siyasi fəallara ünvanladığı müraciətdə vurğulanıb ki, 2018-ci il Azərbaycan Respublikasında bır sıra mühüm hadisələrlə zəngin olacaq: "Heç şübhəsiz, onlardan ən mühümü Məhəmmədəmin Rəsulzadə və silahdaşlarının qurduğu ilk müstəqil-milli dövlətimiz olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyidir. Müsəlman Şərqində ilk demokratik dövlət quruluşu olan Cümhuriyyətimizin bu şanlı yubileyini hər bir Azərbaycan vətəndaşının ən əziz bayram kimi fərəhlə və qürurla qeyd edəcəyinə ürəkdən inanırıq. Dövlət başçısının bütövlükdə 2018-ci ili "Cümhuriyyət ili” elan etməsini alqışlayır və bu əlamətdar hadisəyə dövlət səviyyəsində ciddi diqqət yetirilməsindən məmnunluğumuzu ifadə edirik.

2018-ci ildə sabiq prezident Əbülfəz Elçibəyin (1938-2000) anadan olmasının 80 illiyi qeyd olunacaq. Əminik ki, Əbülfəz Elçibəyin yubileyini də bir çox qüvvələr qeyd etməyə çalışacaq. Biz, Təşəbbüs Qrupu olaraq iqtidar-müxalifətliyinə baxmadan Vətənimizin bütün siyasi-ictimai qurumlarına, ziyalılara, KİV-lərə və başqa Elçibəysevər qüvvələrə üz tutaraq hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik".

 Ə.Elçibəy 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. Keçmiş prezident 2000-ci ildə vəfat edib. 

Report.