Əlikram Xurşidova qarşı yeni ittiham irəli sürüldü

Əlikram Xurşidova qarşı yeni ittiham irəli sürüldü

07-01-2018 02:23 / Bu xəbər 682 dəfə oxundu

Şərlənərək həbs edilən Müsavatın Şirvan Təşkilatının sədri Əlikram Xurşidova daha bir ittiham irəli sürülüb.

Vəkil Nemət Kərimlinin "Basta” ya verdiyi məlumata görə, Müsavat Partiyası Şirvan rayon Təşkilatının sədri Əlikram Xurşidova bu gün yekun ittiham verilib.

"Qərara görə, şərlənmə əməlinə əlavə olaraq 315.2-ci maddə (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ilə müqavimət) ilə də tövsif olundu”, - Nemət Kərimli bildirib.

Vəkil bildirib ki,artıq İstintaq yekunlaşır.

Noyabrın 22-də heç bir əsas olmadan polis tərəfindən saxlanılan Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, Məclis üzvü Əlikram Xurşidov 2 sutkaya yaxın qanunsuz olaraq polis şöbəsində saxlandıqdan sonra, ona qarşı uydurma cinayət işi qaldırılıb. Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsi sifarişli qərar qəbul edərək, bu uydurma ittiham əsasında Əlikram Xurşidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub.

Müsavat Partiyası Əlikram Xurşudovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Əlikram Xurşidov müxalifətçilərə qarşı ənənəvi olaraq irəli sürülən "xuliqanlıq”da təqsirləndirilib. Ona qarşı yazılan "şikayət ərizəsi” təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir.

Əlikram Xurşidov əqidəli müsavatçı olaraq, Azərbaycanda və yaşadığı Şirvan şəhərində baş verən qanunsuzluqlarla əlaqədar daim barışmaz mövqe tutub, son dövrdə isə sosial şəbəkədə Şirvan rayon İcra Hakimiyəti başçısının qanunsuz metlax biznesi, bölgədəki korrupsiya,  eləcə də büdcə təşkilatlarında çalışanların inzibati üsullarla YAP-a üzv qəbul etdirilməsi haqqında xəbərlər paylaşıb. Hakimiyyət siyasi partiyaların yerli qurumlarının fəaliyyəti üçün şərait yaratmadığı üçün Müsavatın yerli təşkilatının toplantıları da Əlikram Xurşidovun mənzilində keçirilirdi. Əlikram Xurşidovun həbsinin motivi məhz bunlardır.

Müsavat Partiyası şərlənərək həbs edilmiş Əlikram Xurşidovun dərhal azad edilməsini, ona qarşı açılan cinayət işinin xətm olunmasını və Azərbaycanda davam edən repressiya siyasətinin durdurulmasını tələb edir”.