Əlikram Xurşidovun apellyasiya şikayəti təmin edilmədi

Əlikram Xurşidovun apellyasiya şikayəti təmin edilmədi

01-12-2017 20:04 / Bu xəbər 2649 dəfə oxundu

Bu gün Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun şikayətinə baxılıb. 

Vəkil Nemət Kərimlinin "Basta”ya verdiyi məlumata görə, hakim Etibar Camalovun sədrliyi ilə keçən prosesdə şikayət təmin edilməyib.

Məhkəmə prosesi qapalı keçirilib. Nemət Kərimli Apellyasiya Məhkəməsinin qərarını əsassız saydığını, məhkəmə çəkişməsinin davam etdirələcəyini bildirib.

Noyabrın 24 -də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun 3 ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb. Əlikram Xurşidova qarşı müxalifətçilər üçün ənənəvi olan "xuliqanlıq” ittihamı irəli sürülüb. 

 Müsavat Partiyası bu ittihamı əssasız sayır.

"Əlikram Xurşidova qarşı yazılan "şikayət ərizəsi” təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir. 

Əlikram Xurşidov əqidəli müsavatçı olaraq, Azərbaycanda və yaşadığı Şirvan şəhərində baş verən qanunsuzluqlarla əlaqədar daim barışmaz mövqe tutub, son dövrdə isə sosial şəbəkədə Şirvan rayon İcra Hakimiyəti başçısının qanunsuz metlax biznesi, bölgədəki korrupsiya, eləcə də büdcə təşkilatlarında çalışanların inzibati üsullarla YAP-a üzv qəbul etdirilməsi haqqında xəbərlər paylaşıb. 

Hakimiyyət siyasi partiyaların yerli qurumlarının fəaliyyəti üçün şərait yaratmadığı üçün Müsavatın yerli təşkilatının toplantıları da Əlikram Xurşidovun mənzilində keçirilirdi. Əlikram Xurşidovun həbsinin motivi məhz bunlardır”, – Müsavat Partiyasının bəyanatında bildirilir.