Əlikram Xurşidovun məhkəməsi başladı

Əlikram Xurşidovun məhkəməsi başladı

24-01-2018 13:00 / Bu xəbər 2132 dəfə oxundu

Bu gün Şirvan Rayon  Məhkəməsində Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidovun işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Vəkil Nemət Kərimli "Basta”ya bildirib ki, hazırlıq iclasında irəli sürülən bir sıra vəsatətlər təmin olunmayıb.

"Həbs qətimkan tədbirinin əsassız olaraq seçildiyini bildirdik, bunun dəyişdirilməsi, Əlikram Xurşidovun ev dustlağına buraxılması barədə vəsatətlərimiz təmin olunmadı. Bundan sonra məhkəmədə audio-video çəkilişin aparılması, Əlikram Xurşidovun dəmir qəfəsdə yox, vəkilin yanında oturması barədə vəsatətlər verdik. Çəkilişlə bağlı vəsatət təmin edilmədi. Əlikram Xurşidovun vəkilin yanında əyləşməsi barədə vəsatət isə qismən təmin olundu – məhkəmədə o, dəmir qəfəsdə yox, onun qarşısında, amma məndən aralıda oturacaq”, – Nemət Kərimli bildirib.

Vəkil bildirib ki, məhkəmə prosesi 7 fevral saat 14:30-a təyin edilib.

2017-ci ilin noyabrın 24 -də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun 3 ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb. Əlikram Xurşidova qarşı müxalifətçilər üçün ənənəvi olan "xuliqanlıq” ittihamı irəli sürülüb. Daha sonra o, polisə xəsarət yetirməkdə də ittiham edilib.

 Müsavat Partiyası bu ittihamları əssasız sayır, Əlikram Xurşidovun siyasi fəaliyyətinə görə şərlənərək həbs edildiyini bildirir.