Əlil arabalarının təkrar verilməsi qanunsuz yolla aparılır?

Əlil arabalarının təkrar verilməsi qanunsuz yolla aparılır?

21-07-2018 17:03 / Bu xəbər 1712 dəfə oxundu

Birinci qrup əlillərə təkrar əlil arabasının verilməsi üçün əlilliyi təsdiq edən sənəd tələb olunur. 

Bunu qanunsuz hesab edən ictimai fəal, 1-ci qrup əlil Sevda Səfərəliyeva sosial şəbəkələrdə kampaniya başladıb.  

"1-ci qrup əlillik ömürlükdür və onlardan təkrar əlilliyin təyin edilməsi üçün sənədin tələb edilməsi heç bir məntiqə sığmır”,- Sevda Səfərəliyeva belə deyir. O əlavə edir ki, hələ 2 il öncə eyni prosedur üçün forma 88 tələb olunmurdu. Son müraciət etdiyi poliklinikada ona deyilib ki, bütün prosedurları yenidən keçib analizləri verməlidir ki, ona bu sənəd təqdim olunsun.   

Bir həftə öncə o,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bununla bağlı müraciət edib, amma bir nəticəsi olmayıb.

2015-ci ildə Prezident İlham Əliyevin  Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də  dəyişikliklər aparılıb. 

Nazirlər Kabinetinin 6 yanvar 2016-cı il tarixli qərarı ilə yeni əsasnamə təsdiq edilib. Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə tərəfindən müddətsiz müəyyən edilir.

"2-ci və 3-cü qrup əlilliyi olan şəxslər 5 ildə bir dəfə bu formanı verməlidir, çünki onların əlillik statusu dəyişə bilər. 1-ci qrup əlillər isə bu mənada istisnadır”, - Sevda Səfərəliyeva vurğulayır.

Sevda Səfərəliyeva Toplum.Tv-yə deyib ki, kampaniyanın məqsədi insanları bu qanun pozuntusu haqqında məlumatlandırmaqdır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən açıqlama almaq mümkün olmayıb.
 
İzzətxanım Cabarlı