...əlimizə silah alıb vuraşacaqdıq - Ramin Deko

...əlimizə silah alıb vuraşacaqdıq - Ramin Deko

26-06-2016 16:03 / Bu xəbər 1567 dəfə oxundu

Ramin Deko

8 il öncə universiteti bitirib hərbi xidmətə yollandım. Araq içməyi və siqaret çəkməyi təzə öyrənmişdim. Necə deyərlər bu işdə debütant idim.

Biləcəridən bizi Bərdəyə, ordan da Ağdama apardılar. Tər iyi qoxuyan, mələfələri qaralmış qatarda hərbi xidmətə yollanan 300-dən çox vətəndaş vardı. Səhər saatlarında Bərdəyə çatdıq. 

Hamımız mülki geyimdəydik. Əsgərləri görən kimi əksəriyyətimizin canına vəlvələ düşdü. Onların da üzündə təbəssüm yarandı. Xüsusən də xidmətə təzə başlayanlar sevinirdilər. Bəlkə də, düşünürdülər ki, onların yerini dolduranlar tapıldı. Döyülməyə, işlətməyə yeniləri gəlib. Bərdə də çox qalmadıq. Bir neçə saat sonra bölgü oldu. 74 nəfər Ağdama aparıldı. Yolda dostlaşdıq, sözləşdik, əgər birimizi döysələr, hamımız müdafiə edəcəyimizə söz verdik. Ancaq heç nə olmadı, heç kim heç kimə əl qaldırmadı. 

Üç ay arxa cəbhədə olduq. Bu üç ayın bitməsini hamı səbirsizliklə gözləyirdi. İçimizdə əlimizə silah alıb düşmən tərəfə güllə atmaq yanğısı vardı. 

Üç ay tamam oldu, hərəmiz bir yerə getdik. Yalnız təlimlərdə bir-birimizi görür və silahlardan istifadə edirdik. Bir il ərzində çox eşitdik ki, müharibə başlayır, çox gecələr bizi gecə yarı şirin yuxudan edib "döyüş" əmri verildi. Ancaq müharibə olmadı ki, olmadı. Hərbi xidmətin ilk ayları hamı Bussatinin "Tatar çölü"ndəki Covanni Droqo kimi düşmənin hücum etməsini arzulayırdı. Niyə? Ona görə ki, əlimizə silah alıb vuruşacaqdıq. Hətta zamanı qabaqlayıb xəyal quranlar da vardı. Kimisi şəhid olmaq istəyirdi, kimisi də milli qəhrəman. Qələbəni, müharibəni udmaq haqda düşünən yox idi. Bəlkə də buna görə savaş baş tutmadı.

Taleyimiz də Droqonun yaşantılarına bənzər idi. Bircə onun kimi intihar əl atmadıq. Kimisi xəstələndi, kimisi vaxtından əvvəl tərxis edildi, kimisi də hərbi xidmətin başa çatmasını gözlədi. Gözləyənlər üçün qarşıda bir neçə ay vardı. Günlər isə uzun idi, bitmək bilmirdi.

Üç ay qalmış xəstələndim. Bütün hospitalları, tibb məntəqələrini dolaşdım, xeyri olmadı. Heç bir hərbi həkim dərdimin əlacını tapa bilmədi. Yaxınlaşan, mənimlə söhbət edən hər kəs ağız büzür, sonra dərman verib gedirdi.

Vaxt bitən kimi tərxis olundum. Hərbidən yadigar qalan xəstəliyi daim özümlə daşımalı oldum. Müharibəsiz, döyüşsüz, qələbəsiz, düşmən tərəfə güllə atmadan, nə də düşmən gülləsinə tuş gəlmədən yaralı qayıtdım ordudan.

Ordu gününüz mübarək!