Elina Hacıyevanın anası yayılan səs yazısı barədə danışdı

Elina Hacıyevanın anası yayılan səs yazısı barədə danışdı

19-10-2019 10:50 / Bu xəbər 2083 dəfə oxundu

162 saylı məktəbin pəncərəsindən özünü ataraq intihar edən yeniyetmə Elina Hacıyevanın anası Sevil Hüseynovanın səs yazısı yayılıb.
 
Səs yazısında Sevil Hacıyevaya Masazırda 2 otaqlı mənzilin verilməsindən söhbət açılır.

Yayılan səs yazısı barədə Toplum.tv-yə açıqlama verən Sevil Hüseynova deyir ki, Leyla Şirinova adlı rəfiqəsi ilə Heydər Əliyev Fonduna çağırılarkən aralarında belə bir söhbət olub: "Leylaya bildirdim ki, mənə  fonddan belə bir təklif olunub. Leyla isə mənə dedi, onlar ağzını yummaq üçün bunu edirlər ki, sabah sənin dilin qısa olsun. Amma mən bilmirəm ki, o səs yazısı necə ortaya çıxıb. Çünki biz bu söhbəti üz-üzə etmişdik”.

S.Hüseynova deyir ki, onun fikirləri şişirdilib: "Bundan əvvəl də belə bir şey olub: səs yazımı hissə-hissə düzəldib, paylaşmışdılar. Onlar direktorla kompromisə girib məni pis çıxartmaq istəyirlər. Direktor istəyir ki, bu yolla az cəza alsın”.

"Bəs belə bir təklif gəlsə necə, qəbul edəcəksiniz, yoxsa iddianızı davam etdirəcəksiniz” sualına Elina Hacıyevanın anası "əlbəttə iddiamı davam etdirəcəyəm. Əvvəlcə istintaqın gedişində tez-tez mənə zəng edib kömək edirdilər. Kömək təklif  olunanda bildirdim ki, niyə həkimləri də bu işə cəlb etmirlər? İkinci dəfə mən fonda bildirdim ki, ekspertin rəyi, bütün gedişat bizi qane etmir. Bundan sonra da əlaqə kəsildi, yəni ev, yaxud kömək söhbəti olmadı”, - cavabını verib. 

Oktyabrın 16-da baş tutan məhkəmədə prokuror məktəbin keçmiş direktoru Sevinc Abbasovanın azadlığının 2 il 6 ay məhdudlaşdırılmasını tələb edib. 
 
Dövlət ittihamçısı ona əlavə cəza kimi 3 il pedaqoji fəaliyyətlə məşğul olmağın qadağan olunmasını uyğun bilib.

Təqsirləndirilən Sevinc Abbasova deyib ki, ittihamların məhkəmədə sübuta yetirilməsi barədə prokurorun dediklərilə razılaşmayıb: "Heç nə sübuta yetirilməyib. Ümumiyyətlə, istintaq düzgün istiqamətdə aparılmayıb". 

Sevil Hüseynova isə deyib ki, prokurordan belə yumşaq cəza tələbi gِözləmirdi: "Ümidim vardı ki, heç olmasa, 3 il həbs olunacaq. Vəkillərim əllərindən gələni eləyirlər. Əgər nəticə istədiyimiz kimi olmasa, bu işi Avropa Məhkəməsinə çıxaracağıq. Belə qoymayacağıq".