"Əliyev rejiminin cümhuriyyət qurucularına münasibəti dəyişməyəcək" - İsa Qəmbər

17-05-2017 17:58 / Bu xəbər 1706 dəfə oxundu

''Bu rejim şəxsi maraqları xalqın mənafeyindən üstün tutur'' 

 Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda Xalq Cümhuriyyətinin XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxdığı qeyd olunur və bu prosesdə şəxsiyyətlərin adları qeyd edilir.

"XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər Məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər. Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi".

Sərəncamda yeni qurulan AXC-nin üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdiyi bildirilib:

Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı".

Sərəncamda daha sonra xatırlanır: "Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı".

Sonda Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi Naizrlər Kabinetinə tədfbirlər planının hazırlanması, Milli Məclisə isə xüsusi iclasın keçirilməsi tapşırığı tövsiyə olunub.

Sənəddə cümhurriyyət baniləri Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan Bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin adlarının xatırlanmaması sosial şəbəkələrdə suallar və müzakirələr doğurub.    

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Meydan TV-nin sərəncamla bağlı sorğusunu cavablandırıb.

İsa Qəmbər ölkə başçısının sərəncamında AXC liderlərinin yox, cümhuriyyət qurulandan 5 il sonra doğulan Heydər Əliyevin adının xatırlanmasında təəccüblü bir şey görmədiyini deyib:

"100 ildən çoxdur, Azərbaycanda Müsavat dəyərlərilə avtoritarizm dəyərləri, şəxsi maraqlar qarşı-qarşıya dayanıb. Bu müddətdə Müsavat dəyərləri iki dəfə xalqın iradəsilə gerçəkləşib, 1918-1920, 1992-1993-cü illərdə. Əliyev rejimi bu 3 ili onların əlindən alınmış şəxsi əmlakı kimi dəyərləndirdiklərindən çox qəzəblidirlər. Ona görə məlum 3 illə bağlı rəsmi və qeyri-rəsmi açıqlamalarında tarixi saxtalaşdırmağa, gerçəkliyi gizlətməyə cəhd edirlər, imkan daxilində öz rollarını şişirtməyə çalışırlar. Bu isə xeyli gülünc təsir bağışlayır, çünki tarixi gerçəkliklər kifayət qədər bəlli olduğundan bunları dəyişmək mümkün deyil. Belə olanda İlham Əliyevin adıçəkilən sərəncamı ziddiyyətli və gerçəkliklərin tam əksini tapmadığı sənəddir. 1992-1993-cü illərlə bağlı daha çox yalan, böhtan səslənir, 1918-1920-ci illər Müsavat hakimiyyəti haqda isə sadəcə gerçəklikləri gizlətməyə çalışırlar. Amma heç biri alınmayacaq. Çünki bu gerçəkliklər yaşayır və tədricən Azərbaycan xalqı tərəfindən qəbul olunur".

2018-ci ildə AXC-nin 100 illik yubileyi ilə bağlı tədbirlərin təşkilinə gəlincə, İsa Qəmbər deyir ki, Əliyev rejiminin cümhuriyyət qurucularına münasibəti dəyişməyəcək:

"Çünki bu rejim şəxsi maraqları xalqın mənafeyindən üstün tutur. Ona görə də Əliyev rejimindən cümhuriyyət dəyərlərinə münasibətin dəyişməsini gözləmək olmaz.

2018-ci il hər cəhətdən önəmli ildir. Həm simvolik baxımdan cümhuriyyətin 100 illiyi kimi həddən artıq vacib və dəyərlidir, həm də istər ölkədaxili, istər regional, istərsə də qlobal proseslərin gedişi gələn ilin sıradan bir il olmadığını və olmayacağını göstərir. Azərbaycan üçün tamamilə fərqli il olacaq. Bir cəmiyyət, müxalifət və xalq olaraq gələn ilə ciddi şəkildə hazırlaşmalıyıq".