Elman Rüstəmov: Manatın kursu ilin sonuna qədər stabil qalacaq

Elman Rüstəmov: Manatın kursu ilin sonuna qədər stabil qalacaq

26-04-2019 15:50 / Bu xəbər 1393 dəfə oxundu

''10 min dollardan yuxarı problemli kreditlərə güzəşt olmayacaq''

Mərkəzi Bankın İdarə Heyəti faiz dərəcəsinin 9 fazidən 8,75 faizə qədər endirilməsi barədə qərar qəbul edib.

Bunu cümə günü keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

2019-cu ildə Mərkəzi Bank artıq üçüncü dəfədir faiz dərəcəsini aşağı salır. Ümumilikdə faiz dərəcəsi yaşadığımız il ərzində 9,75 faizdən 8,75 faizə qədər enib.

Faiz dərəcələrinin endirilməsi ilə əlaqədar kommersiya banklarının əhaliyə verdiyi kreditlərin faizlərinin endirilməsi məsələsinə gəldikdə isə Elman Rüstəmov deyib ki, bu bir tərəfdən özəl bankların öz siyasətlərindən asılıdır, digər tərəfdən isə bankların xərclərinin, verdiyi kreditlərin riskləri ilə bağlıdır.

O deyib ki, son zamanlar əhaliyə verilən kreditlərin faziləri ilə bağlı yuxarı həddə limit qoyulması məsələsi ictimaiyyətdə müzakirə olunsa da, Azərbaycan iqtisadiyyatı üçün bu əlverişli deyil.

"Bunu iqtisadiyyatı zəif olan ölkələr tətbiq edirlər. Amma nəticədə belə bir limit kölgə bankçılığın yaranmasına səbəb olur ki, bu da Azərbaycan hökumətinin kölgə iqtisadiyyatının azalmasına dair siyasətinə ziddir”, - E.Rüstəmov deyib.

O deyib ki, bu məsələ çox yüksək səviyyədə müzakirə olunub və bunun bazar iqtisadiyyatı prinsiplərinə zidd olması səbəbindən kredit faizlərinin yuxarı həddinə limit qoyulması məsələsi gündəmdən çıxarılıb.

Manatın kursunun dəyişməsi ilə bağlı proznozlara toxunan Elman Rüstəmov deyib ki, ilin sonuna qədər milli valyutanın sabit qalması proqnozlaşdırılır: "Biz bütün proqnozlarımızı il üçün verə bilirik. Ona görə də, manatın kursunun stabil qalacağı barədə Mərkəzi Bank proqnoz verir”.

O deyib ki, valyuta hərraclarında tələblə təklif üst-üstə düşür və hətta Dövlət Neft Fondu dollar satışı qrafikindən geri qalır: "2019-cu ildə valyuta hərraclarında Dövlət Neft Fondu 1,9 milyard dollar satıb ki, bu da qrafikdən 100 milyon dollar azdır”.

Problemli kreditlərin həlli yolunda prezident İlham Əliyevin sərəncamının yerinə yetirilməsi prosesinə toxunan Elman Rüstəmov bildirib ki, hazırda bütün proseslər qrafikə uyğun həyata keçirilir və kommersiya banklarına lazım olan vəsait ötürülür. 

Bununla belə, o, 10 min dollardan artıq kredit götürən şəxslərin problemli kreditlərinə güzəşt olmayacağını da deyib: "Biz siyahıları nəzərdən keçirmişik. 10 min dollara qədər olan kreditlər əhalinin sosial müdafiəsi baxımından aşağı olan hissəsinə aid idi ki, onlar da müəyyən problemlərinin həlli üçün həmin kreditləri götürmüşdülər. Amma 10 min dollardan yuxarı kreditlərin əksəriyyəti biznes kreditləridir ki, burada da biznes fəaliyyəti ilə məşğul olan şəxslər riskləri nəzərə almalıdırlar. Dövlət bunun kompensasiyasını versə, bədəli ağır ola bilər”.///meydan.tv