“Elmar Vəliyevin güllələnməsi ağır cinayətdir” - Əli Hüseynli

“Elmar Vəliyevin güllələnməsi ağır cinayətdir” - Əli Hüseynli

06-07-2018 16:13 / Bu xəbər 1854 dəfə oxundu

"Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizə polisinə qarşı törədilmiş cinayətə bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə hər hansı formada qiymət verilməsi cəhdlərinə baxmayaraq, bu, ağır cinayətdir. Buna adekvat hüquqi qiymət veriləcək”.

Bunu APA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
 
Ə. Hüseynli qeyd edib ki, bu cinayətə şəxsi ədavət zəminində, dini baxışlar fonunda və ya məmur-vətəndaş münasibətləri çərçivəsində yanaşmağa çalışaraq ictimai fikri çaşdırmaq yolverilməzdir: "Azərbaycan hüquqi dövlətdir və bu cür hallar hüquq çərçivəsində həll olunmalıdır”.
 
Komitə sədri deyib ki, E. Vəliyev bundan əvvəl Yevlax rayonunda İH başçısı işləyərkən də əhali ilə təmasda diqqətli olub: "Yevlaxdan seçilən bir deputat kimi deyə bilərəm ki, o vaxt onun fəaliyyətini yerli camaat təqdir edirdi. Həmişə əhalinin həssas olduğu dəyərlər və insanların sosial şəraiti onun diqqətində olub. Fəaliyyəti zamanı tabeliyində olan və işinin öhdəsindən gələ bilməyən yerli məmurlara iradlar bildirirdi. Sadə insanların, ümumiyyətlə, vətəndaşların hüquqlarının qorunmasında daim həssaslıq nümayiş etdirirdi. O, cənab prezidentin dediyi kimi, əhalinin xidmətçisi olub. Bunu Yevlaxda çoxları təsdiq edər”.