Elxan Məmmədovun ağ yalanı ifşa edildi: O, dövlətə qarşı çıxır!

Elxan Məmmədovun ağ yalanı ifşa edildi: O, dövlətə qarşı çıxır!

29-01-2016 12:32 / Bu xəbər 2274 dəfə oxundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi qatıldığı "Antalya Cup"da keçirdiyi 4 qarşılaşmanın hamısında maksimum nəticə göstərərək turnirin qalibi adını qazandı. Yaşar Vahabzadənin yetirmələri püşkatmanın nəticəsinə görə, sonuncu matçda Kosova millisi ilə qarşılaşmalı olsa da, yığmamız bundan imtina edib.

Bunu biz yox, AFFA-nın baş katibi Elxan Məmmədov deyir. Elxan bəyin açıqlamasını xatırlatmamışdan əvvəl diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycan Kosovanın müstəqilliyini tanımır. Ölkəmizin Dağlıq Qarabağ problemi olduğuna görə, Kosovanın tanınması qeyri-mümkündür. Deməli, bunu nəzərə alan AFFA diqqətli olmağa borclu idi. Çünki Azərbaycan adı altında çıxış edən komanda tanınmayan ölkənin təmsilçisi ilə eyni yarışda iştirak etməsi əlavə problemlər yarada bilər. Assosiasiyanın bu addımı, qurum rəsmilərinin savadsızlığı dövlətimizin siyasətinə də ciddi təsir göstərə bilər. 

Məsələ bir neçə gün əvvəl yerli mətbuatda işıqlandırılıb. Ancaq AFFA rəsmiləri fikir yayındıran, yalan açıqlamaları ilə məsuliyyəti üzərlərindən atmağa çalışıblar. Elxan Məmmədov özü də ötən gün məsələ ilə bağlı açıqlama verib: "Biz Kosovonun müstəqilliyini tanımırıq. Onların turnirdə iştirak edəcəyini bilmirdik. Yarışdan əvvəl Kosovonun da həmin turnirdə iştirak edəcəyi ilə bağlı bizə rəsmi sənəd gəlməmişdi. Biləndən sonra mövqeyimizi açıqladıq ki, son turda onlarla görüşə çıxmayacağıq".

Əslində, assosiasiyanın baş katibinin bu açıqlamasında qeyri-adi heç nə görünmür. Ancaq məsələ ilə bağlı araşdırma apardığımız zaman cənab Məmmədovun ağ yalan danışdığını təsdiqləmiş olduq. Bəlli oldu ki, Elxan Məmmədov və onun adamları məsələdən daha öncə xəbərdar imiş. 

Bunu Sport7.az saytına açıqlamasında "Antalya Cup" təşkil edən "Enda Tour"un rəsmisi Kadir Sırt deyib: "Əvvəlcə mən sizə turnirlə bağlı məlumat verim. Bildiyiniz kimi, turnir "Antalya Cup” adlanır. Ötən ildən bu yarışı təşkil edirik. Bu il Ukrayna, Səudiyyə Ərəbistanı, Albaniya, Bəhreyn və Azərbaycan milliləri "Antalya Cup”a qatıldı. Biz komandaların sayının ya 6, ya da 8 olmasını istəyirdik.  İranla yanaşı, Türkmənistan yığmaları da yarışda iştirak etməli idi. Təəssüf ki, son anda onlarn iştirakı alınmadı. Buna görə də, turnirə 6 komanda ilə başladıq. Sizin millinizə gəldikdə isə, Antalyada agentliklərin biri ilə görüşdük, onlar da U-21 millinizin turnirə qatılmasını təmin etdi". 

Kadir bəy deyir ki, komandaların diqqətinə yarışdan əvvəl bütün rəqiblərin kimliyini çatdırmışıq. Elxan bəyin "Kosovanın müstəqilliyini tanımadığımız üçün onlarla oyunda imtina etdik" açıqlaması isə ağ yalandan başqa bir şey deyil. Tanınmamış ölkənin yığması ilə başqa səbəbdən oynanılmayııb: "Turnir vaxtı hər hansı bir dəyişiklik müzakirə mövzusu belə deyil. Ola biləcək dəyişikliklər yalnız yarışa start verilməmişdən öncə həyata keçirilir. Bütün bunlar barədə də yarışda iştirak edən komandaların diqqətinə çatdırılıb. Azərbaycan millisinin rəsmiləri püşkatma mərasiminə gəldikləri zaman son oyuna çıxa bilməyəcəklərini bəribaşdan demişdilər. Çünki ayın 28-də geri qayıtmalı idilər. Püşkatma isə millinizi sonuncu matçda Kosova ilə üz-üzə qoydu. Bunun Kosovanın tanınmamış ölkə olub-olmaması ilə hər hansı bir əlaqəsi yoxdu". 

Göründüyü kimi, Elxan Məmmədovun "Kosovanın müstəqilliyini tanımadığımız üçün onlarla oyunda imtina etdik" deməklə, sadəcə məsuliyyətdən yayınmağa çalışıb. Ancaq onun atdığı addım bu dəfə boşa çıxdı. Yəqin ki, məsələ ilə bağlı yuxarı dairələr baş katibin izahatını alar. 

Xatırladaq ki, bu, AFFA-nın ilk siyasi səhvi deyil. Belə ki, ötən ilin oktyabr ayında "Neftçi"nin U-14 komandası Rusiyada Cənubi Osetiya və Abxaziya təmsilçilərinin də iştirak etdiyi turnirə qatılmışdı. Həmin turnirə də "ağ-qaralar" məhz assosiasiyanın xətti ilə yollanmışdı.

Arqument.Az