Əmlak Komitəsi tətilə çıxır, DSK sədrləri də möhürləri götürüb Bakıya gediblər

Əmlak Komitəsi tətilə çıxır, DSK sədrləri də möhürləri götürüb Bakıya gediblər

30-12-2019 19:18 / Bu xəbər 1237 dəfə oxundu

Parlament seçkilərində iştirak edən namizədlər təşviqat dövründə süni problemlərlə üzləşdiklərini deyirlər.

Bu problemlərdən biri hazırda imza vərəqələrini təhvil vermək istəyənlərin əmlak haqqında arayışları ilə bağlıdır. Belə ki, namizədlər Əmlak Komitəsindən (İqtisadiyyat Nazirliyinin tabeçiliyində) arayış almaqda çətinlik çəkirlər. 

Namizədlər deyirlər ki, Mərkəzi Seçki Komitəsi (MSK) bayram günləri də çalışsa da, Əmlak Komitəsi tətilə çıxır. 

"Üstəlik, 10-15 iş günü ərzində verilir bu arayışlar. Bir çox namizədlər 10 yanvara qədər sənədləri təhvil verməyi çatdırmayacaqlar".

MSK-dan arqument.az-a bildirilib ki, qurum bayram günləri də işləyəcək, təşviqat dönəmində digər sənədlərin həll edilməsi ilə bağlı hər hansı bir problem hələ ki müşahidə olunmur. 

Digər şikayət isə 76 saylı Lənkəran-Astara və 110 saylı Zaqatala seçki dairələrindədir. 

76 saylı dairədən namizədliyini irəli sürmüş vəkil Xalid Bağırov sosial şəbəkədə yazıb ki, dairə sədrini yerində tapmaq olmur: "Onun möhürü də götürüb Bakıya getdiyi deyilir".

110 saylı Zaqatala seçki dairəsindən namizədliyini irəli sürən Nurlana Cəlil də DSK sədrini yerində tapa bilmədiyini deyib: "Bu gün saat 10.00 radələrində təkrar 110 saylı DSK-da oldum. Sənədlərimi təqdim etdim. 1 saata həll olunacaq deyildi. 1 saat sonra yenidən gəldiyimdə möhürün olmadığını və DSK əməkdaşının MSK-ya qeydiyyatdan çıxan vətəndaşların siyahısını təsdiqləməsi üçün Bakıya özü ilə apardığı deyildi". 

MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, komissiyalar hazırda fəaliyyətdədir: "Dediyiniz dairələrlə də maraqlanarıq, görək, problem nədir?!".