Ən böyük gün

Ən böyük gün

21-05-2017 01:31 / Bu xəbər 2104 dəfə oxundu

Yadigar Sadıqov

Mayın 16-da dövlət başçısı Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinin təntənəli qeyd olunması haqqında sərəncam imzaladı. Sərəncamın əlamətdar tarixə 1 il qalmış imzalanması bir qədər gözlənilməz oldu. Gözlənilən və artıq alışdığımız hadisə isə Rəsulzadə başda olmaqla Cümhuriyyət xadimlərinə münasibətdə sərgilənən anlaşılmaz qısqanc münasibət idi.

Belə ki, sərəncamda Abbasqulu ağa Bakıxanovdan başlayaraq XIX əsr – XX əsin əvvəllərində fəaliyyət göstərən maarifçilər, eləcə də Heydər Əliyev xatırlansa da, Cümhuriyyət xadimlərindən bircəciyinin adı çəkilmir. Lakin, dediyim kimi, bu, heç də gözlənilməz deyildi.

Sosial şəbəlkələrdə tez-tez paylaşılan bir videogörüntü var. 1990-cı illərin əvvəllərində Naxçıvanın rəhbəri olan Heydər Əliyev Bakıda Rəsulzadənin abidəsinin olmamasına görə Mütəllibov hakimiyyətini tənqid edir. Lakin H.Əliyev özü hakimiyyəti ələ keçirdikdən sonra Rəsulzadəyə və digər Cümhuriyyət xadimlərinə olan rəsmi münasibət heç də yaxşıya doğru dəyişmədi.

Əksinə, Rəsulzadəyə ölkənin müxtəlif yerlərində ucaldılmış abidələr, büstlər müxtəlif bəhanələrlə götürüldü. 2000-ci ildə Bakı Dövlət Universitetindən Rəsulzadənin adı silindi. Kukla Teatrı ilə üzbəüz ərazidə Rəsulzadəyə abidə qoyulması üçün nəzərdə tutulan yerdə fəvvarə tikildi. Bakı Dövlət Universitetinin ərazisində Rəsulzadəyə abidə qoyulacağını anons edən daş isə 25 ildir olduğu kimi durur. 2013-cü ildə metronun "28 may" stansiyasında aparılan təmir işlərindən sonra Rəsulzadənin əks olunduğu panno ləğv edildi.

Dəfələrlə səslənən təkliflərə baxmayaraq, Rəsulzadənin ev-muzeyi yaradılmadı. Cümhuriyyət xadimlərinin nəşinin Vətənə gətirilməsi kimi bir zamanlar ictimai düşüncədə hakim olan fikirdən isə heç danışmağa da dəyməz.

Özünü Azərbaycan Demokratik Respublikasının varisi hesab edən çağdaş dövlətimizin rəhbərliyinin apardığı bu məntiqsiz siyasət nəticəsində acınacaqlı vəziyyət yaranıb. Tək-tük istisnalarla ölkənin inzibati vahidlərinin böyük əksəriyyətində 28 May Respublika Günü ziyarət etmək, əklil qoymaq üçün bir xatirə yoxdur. Paytaxt Bakının özündə belə insanlar

Rəsulzadənin doğulduğu Novxanı kəndinə getməli, orada bayram aksiyası keçirməli olurlar.

Maraqlıdır, 1 il sonra dövlət başçısının sərəncamına uyğun olaraq Cümhuriyyətin 100 illiyini təntənəli qeyd edən rayon rəhbərləri haranı ziyarət edəcəklər? Hərçənd sərəncamın nə qədər dolğun həyata keçiriləcəyi də bir başqa sualdır. 3 il öncə Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə analoji sərəncam verilməsinə baxmayaraq, xüsusi tədbirlər keçirilmədi.

Sadalanan neqativlə yanaşı Cümhuriyyət və onun xadimlərinə münasibətdə pozitiv cəhətləri də qeyd etmək lazımdır. Hərçənd ki, bu pozitiv hakimiyyətdən deyil, ictimaiyyətdən qaynaqlanır.

2012-ci ildə dostlarla birgə 28 May Gününü Ankarada qeyd etmək qərarına gəldik. Səfərimizin əsas hadisəsi təbii ki, Rəsulzadənin Türkiyə paytaxtının Cebeci rayonunda yerləşən Asri məzarlığındakı qəbrini ziyarət etmək oldu. Bu zaman nəinki Ankarada, hətta yaxın və o qədər də yaxın olmayan şəhərlərdə yaşayan və ya oxuyan xeyli sayda azərbaycanlının Rəsulzadəni ziyarətə gəlməsini görmək çox sevindirici idi.

Azərbaycan Demokratik Respublikasının bani-atalarının xidmətlərinin unutdurulması istiqamətində görülən işlərə, bir çox halda haqsız tənqidə məruz qalmalarına baxmayaraq toplumda onlara qarşı sevgi nəinki azalmır, əksinə artmaqdadır. Təqvimdəki 2 gün (31 yanvar Rəsulzadənin doğum günü və 28 May Respublika günü) ərəfəsində bunu xüsusilə aydın sezmək olur.

Bu günlər ərəfəsində sosial şəbəkələr Cümhuriyyətə aid şəkillər, şüarlar, sitatlarla bəzənir. Əgər əvvəllər bu yöndə sırf müxalif düşərgəyə aid insanlar fəallıq edirdilərsə, indi sıravi vətəndaşlardan da eyni addımı görmək nadir hal deyil.

Bu proses sevindirici olduğu kimi həm də düşündürücüdür. Cümhuriyyət xadimləri orta məktəblər də daxil heç yerdə xüsusi təbliğ olunmurlar. Əksinə, yuxarıda yazdıqlarımdan da göründüyü kimi onları unutdurmağa çalışılır. Lakin əks proses gedir. Cümhuriyyət sevgisi artmaqdadır.

Vətəndaşlarımızın böyük bir hissəsi Rəsulzadənin zəngin publisistikası ilə kifayət qədər tanış deyillər. Çoxu onun yalnız 1953-cü ildə "Amerikanın səsi” radiosu ilə çıxışını dinləyib və ya bu çıxışın mətnini oxuyub. Bir qədər irəli gedənlər həm də "Əsrimizin Siyavuşu”nu oxuyublar. Lakin bu səthi tanışlıq belə Rəsulzadənin sehrinə düşmək üçün kifayət edir.

Belə halın səbəbləri haqqında çox fikir söyləmək olar. Lakin zənnimcə, başlıca səbəb insanların Rəsulzadəvətənpərvərliyinin səmimiyyətinə şübhə etməməsidir. Öndərin şəxsi nümunəsi, yaşadığı faciələrə və mərhumiyyətlərə baxmayaraq, bütün həyatını Azərbaycan istiqlal mübarizəsinə sərf etməsi, "Azərbaycan” iniltisi dünyadan köçməsi insanlarda onun səmimiyyətinə əminlik yaradır.

Bununla belə, vətəndaşlarımıza Rəsulzadəni daha çox oxumağı tövsiyə edərdim. Onu çox oxuduqca, daha çox sevməmək mümkün deyil. Bir çox halda dövrünü qabaqlayan fikirləri, ali təhsil almamasına rəğmən geniş bilgiləri və intellekti, o zaman milli zəmində baş verən qanlı hadisələrə baxmayaraq azacıq da olsa ksenofobiyaya yol verməməsi heyranedicidir. Heç bir subyektivizmə yuvarlanmadan söyləmək mümkündür ki, Rəsulzadə XX əsrin ən böyük demokrat və humanistlərindən biridir.

Azərbaycan Demokratik Respublikası isə bildiyimiz kimi 23 ay yaşadı. Olduqca mürəkkəb bir dövr oldu. Bir müddət ərazi bütövlüyü uğrnda mübarizə aparıldı. Bir müddət Birinci Cahan savaşının nəticəsi olaraq ingilislər Bakıya qoşun çıxardılar. Qərb ərazilərində ermənilərin permanent təxribatları, Lənkəranda rusların Muğan sovet respublikası, sonra da şimaldan Denikin və bolşevik təhlükəsi, və nəhayət, işğal...

Nəticədə Cümhuriyyət xadimləri xəyal etdiklərinin çox hissəsini həyata keçirə bilmədilər. Hətta parlamentə qəbul olunmuş mütərəqqi qanunları belə həyatda tətbiq etməyə imkan olmadı. Lakin onların Azərbaycana gətirdikləri ideallar, fəxarətlə xatırladığımz nümunələr cümhuriyyətçilik fikrinin şüurlarda kök salmasına səbəb oldu.

Məhəmməd Əmin Rəsulzadə 28 Mayı "Azərbaycan tarixinin ən böyük günü” adlandırırdı. Bu, inkarolunmaz bir həqiqətdir. Mövcud hakimiyyətin inkarına baxmayaraq, bundan sonra ölkədə hansı hadisələrin baş verməsindən, hansı əlamətdar nailiyyətlər əldə etməmizdən asılı olmayaraq 28 May tariximizin ən böyük günü kimi qalacaq. İnkarçılar da bununla barışsalar yaxşı olar.

Meydan Tv