Ərdoğan: “Obama bizi aldatdı”

Ərdoğan: “Obama bizi aldatdı”

21-04-2017 17:28 / Bu xəbər 2258 dəfə oxundu

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan "Əl-Cəzirə" kanalına müsahibə verib. Müsahibə zamanı Ərdoğan bir çox məqama aydınlıq gətirib. Əsas müzakirə mövzuları isə referendum və ABŞ-la əlaqələr olub.

Ərdoğan Trampın PKK (Kürd Fəhlə Partiyası ), PYD (Suriya Kürd Partiyası ) YKG (Suriya Xalq Müdafiə Birliyi ) ilə əlaqədar siyasətini dəyişdirəcəyinə aid vəd verib-verməməsi ilə bağlı sualı cavablandırarkən bundan öncə də terror təşkilatlarına qarşı birgə səylərimizi birləşdirməli olduğu haqqında müzakirənin olduğunu deyib: 

"Trampla görüşümüz zamanı bu məsələnin üz-üzə, detallı şəkildə müzakirəsi olacaq və biz bir çox sənədi də qarşı tərəfə təqdim edəcəyik. PKK ilə bağlı razılaşmamız hələ Obama administrasiyasının dönəmində  var idi, lakin Obama bizi PYD və YGK mövzusunda aldadıb. Hazırkı administrasiyanın eyni şeyi təkrar edəcəyini zənn etmirəm”.

Ərdoğanın bu bəyanatı Türkiyə mediasında ciddi müzakirə mövzusuna çevrilib. Belə ki, Ərdoğan referendumöncəsi çıxışlarından biri zamanı: "Siyasi həyatım boyu nə aldadan, nə aldadılan tərəf olmuşam", - ifadəsini işlətmişdi. 

15 gün sonra isə bu bəyanatla özünü təkzib etmiş oldu.

Ərdoğan Avropa Şurasının nümayəndəsini tənqid edib...

Avropa Şurasının Müşahidə Komissiyasının heyət üzvü olan Andrey Hunkonun əlində PKK bayrağı tutduğu iddia olunan şəklini göstərən Ərdoğan: "Əlində  PKK bayrağı tutan bir insan necə müstəqil ola bilər? O, burada terroristlərə sözçülük vəzifəsini yerinə yetirir. Onun hazırladığı hesabatı müstəqil bir mənbə kimi qəbul etmək mümkündürmü?", - sualını ünvanlayıb.

Andrey Konstantin Hunko 1963-cü ildə Almaniyada anadan olub. Almaniya Sol Sosialist Partiyasından Bundestaqın və Avropa Şurası Parlament Assambleyasının üzvüdür.

Qısa müddət öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Hunkonu PKK-nı dəstəklədiyi üçün tənqid etmişdi.

"Əgər diktator olsaydım, seçkiyə getməzdim..."

Ərdoğan referendumla bağlı ona yönələn reaksiyaları da cavabsız qoymayıb: "Əgər diktator olsaydım, seçkiyə getməzdim, diktatorlar daha çox başqa yollardan istifadə edir".

Ərdoğan Hollandiya və Almaniyanı da tənqid etməkdən çəkinməyib. O, seçki kampaniyasının keçirilməsinə izn verilməməsinə baxmayaraq, referendum səsverməsində "evet”in faiz nisbətinin çox olmasının avropalıları "narahat etdiyini” söyləyib. 

Almaniyanın baş naziri Angela Merkelin onu hələ də təbrik etdmədiyini deyən Ərdoğan bunu "günahkarlıq psixologiyası” ilə əlaqələndirib.

Ərdoğan və Tramp 17-18 mayda  Ağ Evdə görüşəcək. Bu barədə məlumatı Ərdoğan ATV kanalına müsahibəsi zamanı verib. 

ATƏT, Avropa Şurası və Avropa İttifaqının müşahidəçiləri Türkiyədə keçirilən referendumun nəticələri barədə ortaq bəyanat yayaraq, onun "Avropa standartlarına uyğun olmadığı”nı bildiriblər. 

İzzətxanım Cabarlı