"Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil" - XİN

25-07-2017 10:30 / Bu xəbər 1271 dəfə oxundu

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın "Qandzasar777” dini mərasimində iştirak adı altında Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna səfəri ilə əlaqədar məlumat yayıb.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Qaynarinfo"ya bildirib ki, E. Nalbandyanın Kəlbəcər rayonuna getməsi və "Qandzasar777” dini mərasimində iştirak etməsi Ermənistan tərəfindən dövlət səviyyəsində tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin növbəti nümunəsidir. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən bu alban xristian məbədinin adı "Qandzasar” deyil, Gəncəsərdır və erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur və bu Azərbaycan və beynəlxalq tarixçi mütəxəssislər tərəfindən bu tutarlı faktlarla sübut edilib.

"Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Saxta erməni tarixşünaslığı Gəncəsar məbədinin memarlıq və digər xüsusiyyətlərinə görə erməni kilsəsindən köklü fərqini izah etməkdə acizliyini davam etdirir.Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra 1836-cı ildə "Rusiya Müqəddəs Sinodu”nun xüsusi qərarı ilə Alban kilsəsi  və onun bütün mülkiyyəti erməni qriqoryan kilsəsinin sərəncamına verilib. Bundan sonra erməni qriqoryan kilsəsi tərəfindən Alban xristian irsinin, o cümlədən Gəncəsər abidəsinin və alban yazılı məxəzlərinin erməniləşdirilməsi siyasəti aparılıb", - deyə H. Hacıyev bildirib

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqının tarixi irsinə aid olan İslam və xristian məbədlərini, digər maddi-mədəniyyət abidələrini özününküləşdirməsi, memarlıq üslubunun və digər xüsusiyyətlərini dəyişdirməsi beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

"Ermənistan xarici işlər nazirinin bu tədbirə qatılması bir daha onu göstərir ki, Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və Ermənistan işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirmək, məqsədyönlü şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ətraf rayonlarının ilhaq etmək siyasətini həyata keçirir”, - deyə H. Hacıyev vurğulayıb.