"Ermənistanda inqilabın ikinci mərhələsi başlayıb" - Politoloq

03-10-2018 18:11 / Bu xəbər 911 dəfə oxundu

Oktyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan "facebook"da canlı yayımla paytaxt sakinlərini parlament binasına çağırıb. 

Parlament binasındakı çıxışıda baş nazir vəzifəsindən istefa verəcəyini bildirib. 

Növbədəkənar seçkilər keçirmək üçün Nikol Paşinyan istefa verməlidir və parlament iki həftə ərzində baş nazir seçə bilməsə, yeni parlament seçkiləri təyin olunur. 

Parlament isə oktyabrın 3-də növbədənkənar iclas keçirib və qanuna parlamentin buraxılmasını çətinləşdirən müddəa daxil edib.

Elxan Şahinoğlu: "Paşinyan inqilabın davamını gətirməyə çalışacaq"

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Toplum.Tv-yə açıqlamasında hesab edir ki, partiyalar yeni seçkilərdə uğur qazana bilməyəcəklərinə görə Paşinyana müqavimət göstərirlər: "Bu gözlənilən hadisə idi. Çünki Paşinyan erkən parlament seçkiləri keçirtmək istəyir və istəmir ki, seçkilər may ayına qalsın. Yerevanda mer seçkilərində də tərəfdarı qələbə çalıb. Hazırda parlamentdə mövqeyin gücləndirməyə çalışır. Parlamentdə olan partiyalar və deputatlar yeni seçkilərdə uğur qazana bilməyəcəklərini bilirlər. Buna görə də Paşinyana müqavimət göstərirlər. Paşinyan da adminstrativ resursların tamamına nəzarət edə bilmədiyi üçün güclü müxalifətlə  üzləşib. Bu baxımdan onun əsas dəstəyi cəmiyyəti, məhz elə buna görə də dünən tərəftarlarını parlamentin qarışına topladı. Məqsədi də bu yolla parlamentdəki partiyalara təzyiq edib erkən seçkilərin vaxtını təyin etmək idi. Baş nazir bilir ki, istefa verdiyi halda konstitusiya görə parlament buraxılmalıdır. Yəni hakimiyyətdən getmək üçün deyil, erkən parlament seçkilərin təyin etmək üçün istefaya gedir. Əgər partiyalar bunun əleyinə çıxacaqlarsa, o, yenidən inqilabın davamını gətirməyə çalışacaq və bu da parlamentdəki partiyaları istefa haqqında qətnamə qəbul etməyə məcbur edəcək”.

Şahin Cəfərli: "Hazırda İrəvanda baş verənləri inqilabın ikinci mərhələsi adlandırmaq olar"

Politoloq Şahin Çəfərli isə İrəvanda baş verənləri inqilabın ikinci mərhələsi adlandırır: "Parlamentin növbədənkənar iclası keçirilib və 3 fraksiya - Serj Sarkisyanın Respublika Partiyası, Qagik Tsarukyanın bloku və daşnaklar reqlament haqqında qanuna parlamentin buraxılmasını çətinləşdirən müddəa daxil ediblər. Əvvəlki prosedur imkan verirdi ki, xalq Paşinyanın istefasından sonrakı 2 həftə ərzində parlamentin toplaşıb yeni hökumət başçısı seçməsini əngəlləsin və beləliklə, parlament avtomatik buraxılsın. Yeni dəyişiklik bu yolu bağlayır və sədrə səlahiyyət verir ki, kənar təzyiq olacağı halda, parlamentin buraxılmasına aparan proseduru dayandırsın".

"İrəvan bələdiyyəsinə son seçkilər göstərdi ki, tez bir müddətdə keçiriləcək parlament seçkiləri respublikaçıların və onun arxasındakı Qarabağ klanının siyasi səhnədən tamamilə silinməsi, daşnakların marginallaşması ilə nəticələnəcək. Tsarukyan isə görür ki, bu proseslərin gedişində sərvətini və siyasi təsirini itirməsi realdır. Bir sözlə, erkən seçkinin tezliklə baş tutması və başlanmış cinayət təqiblərinin öz məntiqi sonluğuna çatması hazırki sistem partiyalarının, onların əsaslandığı oliqarxik-mafioz düzənin sonu olacaq. Bu səbəblə, adıçəkilən üç siyasi qüvvə bir araya gələrək prosesi dayandırmaq üçün hərəkətə keçib. Bu qüvvələrin Rusiyaya yaxınlığı sirr deyil. Paşinyanın əlindəki yeganə resurs isə yenə də xalqdır", - politoloq bildirib. 

Ş. Cəfərli deyib ki, hazırda İrəvanda baş verənləri inqilabın ikinci mərhələsi də adlandırmaq olar: "Əgər küçənin təzyiqi ilə parlament bugünkü qərarından geri dönsə və əvvəlki prosedur üzrə özünü buraxmağa məcbur edilsə, nəzərlər Moskvaya yönələcək. Ola bilər ki, Moskva hadisələrin bu cür inkişafı ilə razılaşmasın və baş verənləri qeyri-konstitusion elan etsin. Bu halda Ermənistanda siyasi böhran daha da dərinləşəcək və ölkədə xaos yaranacaq. Lakin Moskvanın yenə hadisələri səbrlə izləməsi və öz müttəfiqinin xaosa yuvarlanmasına səbəb olacaq addımlardan çəkinməsi mənə daha ağlabatan gorünür”.

Nəzrin Bədəlli