Ermənistanda nazir istefa verib aksiyaçılara qoşuldu

Ermənistanda nazir istefa verib aksiyaçılara qoşuldu

25-04-2018 17:17 / Bu xəbər 2465 dəfə oxundu

Qraçya Rostomyan Ermənistan Respublika Partiyası və Daşnaksütyun Partiyasını da xalqa qoşulmağa çağırdı

Ermənistanın idman və gənclərlə iş nazirinin səlahiyyətlərini icra edən, "Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Qraçya Rostomyan istefa verib.

"Panarmenian.net” saytının məlumatına görə, Rostomyan istefa ərizəsində ümummilli səfərbərliyə qoşulduğunu və şəxsən küçəyə çıxacağını bildirib.

O, hakim Ermənistan Respublika Partiyası və Daşnaksütyun Partiyasını xalqa qoşulmağa və onun tələblərinə tabe olmağa çağırıb.

Ermənistanın paytaxtı Yerevanda aprelin 16-dan Baş nazir Serj Sarkisyanın istefa tələbi ilə aksiyalar başlayıb. Aprelin 23-də Serj Sarkisyan Baş nazir vəzifəsindən istefa verib.

Ermənistanda aprelin 25-də etiraz aksiyaları yenidən bərpa edilib. Küçəyə çıxan aksiya iştirakçıları bu dəfə hakim Respublika partiyasının getməsini tələb edirlər.

Ermənistanın üçüncü prezidenti və aprelin 23-də baş nazir postundan istefa verən Serj Sarkisyan bu partiyadandır. Sarkisyanın istefasından sonra Baş nazir vəzifələrini birinci vitse-premyer Karen Karapetyan icra edir. 

O, aprelin 25-də səhər saat 11:00-da etiraz aksiyalarının lideri, deputat Nikol Paşinyanla görüşməli idi. Amma görüş, tərəflərin razılığa gələ bilməməsi səbəbindən baş tutmayıb.