Ermənistanda nazirlər istefaya göndərildi

Ermənistanda nazirlər istefaya göndərildi

03-10-2018 14:17 / Bu xəbər 1785 dəfə oxundu

Ermənistan prezidenti Armen Sarkisyan Yerevanda parlament önündəki kütləvi etirazlardan sonra altı naziri istefaya göndərib. 

Həmin məmurlar "Çiçəklənən Ermənistan» və "Daşnaksutyun" partiyalarını təmsil edirdilər, onlar növbədənkənar seçkilərin keçirilməsini çətinləşdirən dəyişikliklərə dəstək veriblər.

Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarı baş nazir Nikol Paşinyandır. Səsvermədən sonra o, tərəfdarlarını Yerevanın mərkəzində etiraz aksiyaları keçirməyə çağırıb. Paşinyan mitinqdə baş nazir vəzifəsindən gedəcəyinə söz verib. Onun iki dəfə baş nazir seçilməyəcəyi təqdirdə, Konstitusiyaya əsasən, parlament buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Paşinyan sözügedən seçkilərin dekabrda keçiriləcəyini deyir.

N.Paşinyan Ermənistana mayın 8-dən rəhbərlik edir. O bu vəzifəyə aprelin ortalarından başlayaraq ölkəboyu davam edən kütləvi etirazlardan sonra gəlib. Beləliklə, etirazçılar 10 ildən çox ölkəyə rəhbərlik edən Serj Sarkisyanın vəzifədən getməsinə nail olublar.

"Danışıqlar başa çatıb"

Ermənistan baş naziri Nikol Paşinyanın parlament fraksiyaları ilə danışıqları başa çatıb.

Bundan sonra Milli Məclis binasının qarşısına toplaşmış on minlərlə tərəfdarı qarşısında çıxış edən Paşinyan deyib ki, onun istefa verəcəyi təqdirdə heç bir fraksiya bu vəzifəyə namizəd irəli sürməməyi vəd edib.

Pashinian deyib ki, danışıqlar uzun çəkib və o bütün təfərrüatları xatırlamır, lakin onun fikrincə fraksiyalar "xalqın mesajını” başa düşüblər və baş nazirliyə namizəd verməyəcəklər.

"Əks-inqilab”

Ermənistan paytaxtında siyasi gərginlik yenidən artıb. AzadlıqRadiosunun Yerevandan canlı yayımında keçmiş hakim partiyanın parlamentdən getməsini tələb edən yüzlərlə Pashinian tərəfdarının Milli Məclisin həyətinə daxil olduğu görünür.

Etirazçılar hələ parlamentin binasına girməyiblər. Orada keçmiş hakim partiyanı və iki başqa fraksiyanı təmsil edən onlarca millət vəkili var. Onlar oktyabrın 2-də Pashinian-ın "əks-inqilabi” adlandırdığı ziddiyyətli qanun layihəsinə səs veriblər.

"Paşinyan prezidentə müraciət edir"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyana müraciət edərək onu parlamentin oktyabrın 2-də qəbul etdiyi "Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişiimzalamamağa çağırıb.

Ermənistan parlamentində 67 səslə qəbul edilmiş qanun Milli Məclisin baş nazir tərəfindən buraxılmasını qeyri-mümkün edir.

Bu qanuna keçmiş hakim Respublikaçı Partiyanın, Tsarukyan blokunun və Erməni İnqilabi Federasiyasının və ya Daşnaksütyun Partiyasının millət vəkilləri səs veriblər. Qanunun əleyhinə yalnız Yolk fraksiyası səs verib.

Paşinyan oktyabrın 2-dən başlayaraq Yerevanda keçirdiyi etiraz mintinqində tərəfdarlarına deyib:

"Qanun 21 gün ərzində qüvvəyə minməlidir. Prezident ya bu qanunu imzalamalı, ya da Konstitusiya Məhkəməsinə müraciət edərək aktın qanuniliyi məsələsini qoymalıdır. Məncə siz mənə səlahiyyət verirsiniz ki, buradan Ermənistan prezidenti Armen Sarkisyana müraciət edərək onu bu qanunu imzalamamağa çağırım”.

"Baş nazir Paşinyanın tərəfdarları Milli Məclisin qarşısına toplaşıblar"

Bundan az əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın Bagramyan prospektində keçirilən mitinqdə bəyan etmişdi ki, parlament fraksiyaları ilə danışıqlar aparmaq üçün Milli Məclisə gedir.

O mitinqdəki çıxışı zamanı hadisələrin bundan sonrakı ssenarisi barədə mülahizə yürüdüb. Paşinyan bildirib ki, baş nazir vəzifəsindən istefa edəcək və əgər Milli Məclis onun baş nazir olmasına iki dəfə səs verməsə, onda Konstitusiyaya uyğun olaraq parlament buraxılmalı və növbədənkənar parlament seçkisi keçirilməlidir.

"Siyasi böhrana təkan verən hadisələr"

Bundan əvvəl Pasinian Daşnaksütyun və Firavan Ermənistan partiyalarından olan bir neçə meri və nazirləri vəzifələrindən azad edib.

Oktyabrın 2-də baş nazir öz tərəfdarlarını onun sözləri ilə deyilərsə, opponentlərinin parlamentdəki"əks-inqilabına” etiraz bildirməyə çağırmışdı.

Ötən may ayında kütləvi etiraz aksiyalarının nəticəsində hakimiyyətə gəlmiş Pashinian parlamentdə çoxluq təşkil edən opponentlərinin mandatdan məhrum edilməsi məqsədilə erkən seçkilərin keçirilməsinə çalışır.

Buna cavab olaraq onun opponentləri Paşinyanın parlamenti buraxmasını mümkünsüz edən qanun layihəsini ilkin oxunuşda qəbul ediblər.

Xəbər verilir ki, Paşinyanın "əks-inqilaba” qarşı çağırışı ilə dərhal bir neçə min nəfər parlamentin binası qarşısına toplaşıb. Paşinyana tərəfdar olan millət vəkilləri opponentlərinin məclisin binasından çıxışını önləmək üçün qapıları bağlayıblar. 

AzadlıqRadiosu