Əsabəli Mustafayevlə Nemət Kərimlinin vəkillik fəaliyyəti bərpa olundu

Əsabəli Mustafayevlə Nemət Kərimlinin vəkillik fəaliyyəti bərpa olundu

24-04-2019 18:09 / Bu xəbər 1043 dəfə oxundu

''Vəkil qismində yeni işlərə başlamağım bir müddətdən sonra mümkün olacaq''

Vəkil Əsabəli Mustafayevin vəkillik fəaliyyətinə qoyulmuş 1 illik məhdudiyyət başa çatıb. 

Aprelin 24-də onun vəkillik fəaliyyəti ilə məşğul olmaq haqqı bərpa edilib.

Bu barədə vəkil özü məlumat verib. Bildirib ki, bugündən vəkillik fəaliyyətinə qoyulmuş 1 illik məhdudiyyətin müddəti yekunlaşıb və fəaliyyəti bərpa olunur: "Əslində, bu dövrdə hüquqşünas qismində fəaliyyətimdə bekarçılıq olmamışdı. Həmin dövrdə 200-dən artıq şəxsə pulsuz hüquqi yardım göstərmiş, onlarla yeni işi Avropa İnsan Haqları Məhkəməsinə göndərmişdim. Hətta bu işlərdən xeylisi ilə bağlı kommunikasiya aparılıb".

Vəkil deyir ki, fəaliyyətinin bərpa olunduğu ilk gün gördüyü birinci iş həbsdə olan müvəkkilləri ilə görüşün bərpası üçün tədbirlər görülməsi olub: "Ötən dövrdə həbsdə olanların sayı kəskin azalsa da, bəziləri hələ də məhkumluq həyatı yaşayırlar. Vəkil qismində yeni işlərə başlamağım bir müddətdən sonra mümkün olacaq. Bu hal vəkillik fəaliyyətində sənədləşirmənin yenilənməsi, ən əsası isə böyük həcmdə yarımçıq işlərin yekunlaşdırması zərurətilə bağlıdır".

Aprelin 24-də Nemət Kərimlinin də vəkillik fəaliyyəti bərpa edilib.

2018-ci il aprelin 23-də Vəkillər Kollegiyası Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında Nemət Kərimli və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul etmişdi. Rüstəm Usubov Nemət Kərimlini jurnalist Əfqan Muxtarlının işini siyasiləşdirməkdə ittiham edirdi. Eyni ittiham Əsabəli Mustafayevə də qarşı irəli sürülmüşdü. O isə AXCP sədrinin müavini Gözəl Buaramlının işini siyasiləşdirməkdə günahlandırılırdı.

Vəkillər barələrində verilən hökmü əsassız hesab ediblər.

Jurnalist Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib. Gürcüstanda yaşayan jurnalist mayın 29-da "yoxa çıxıb”, səhərisi Azərbaycanda ona qarşı ittiham irəli sürülüb. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

3 il azadlıqdan məhrum olunan Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilirdi.

G. Bayramlı ittihamları qəbul etmir və saxta adlandırır. O, məhkəmədə ifadə verərkən deyib ki, pul çantasına sərhəd-keçid məntəqəsində atılıb və şərlənib. AXCP sədrinin müavini həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir. G.Bayramlı mart ayında imzalanan əfv fərmanı ilə azad olunub.

2018-ci ilin yanvarın 22-də Vəkillər Kollegiyası Fəxrəddin Mehdiyev barəsində də analoji qərar qəbul etmişdi. Ötən ilin noyabrında isə kollegiya Yalçın İmanovu üzvlükdən xaric etmişdi.///meydan.tv