“Əsas odur ki, mövzu aktuallaşdı!” – İsa Qəmbər yazır…

“Əsas odur ki, mövzu aktuallaşdı!” – İsa Qəmbər yazır…

01-02-2018 15:42 / Bu xəbər 1331 dəfə oxundu

Bu gün Milli Strateji Düşüncə Mərkəzinin(MSDM) sədri İsa Qəmbər #filanıncıilinbugünü haştağıyla mütəmadi paylaşdığı tarixə işiq tutan yazılarından birini təqdim etdi.

Yanvar 1990

5-8 yanvar günlərində #FİLANINCIİLİNBUGÜNÜ janrında dörd status yazdım. Janr tələb edirdi ki, yanvarın sonuna qədər az qala hər gün bir status yazım. Qısa da olsa toxunacağım günləri və hadisələri qeyd etdim və belə bir məzərə yarandı:

1. 8-11 yanvar. Ölkəmizdə vəziyyətin ağırlaşması, cəmiyyətdə gərginliyin artması.
2. 9-10 yanvar. Xanlar rayonunda sovet əsgərlərinin və sovet helikopterlərinin iştirakı ilə dinc əhaliyə atəş açılması.
3. 11 yanvar. AXC Lənkəran rayon təşkilatının Lənkəran şəhərində bütün dövlət idarələrini nəzarətə götürməsi və bunun "SSRİ rəhbərliyinin Qarabağ məsələsində yanlış və ədalətsiz siyasətinə cavab və xəbərdarlıq olduğunu” bildirən bəyanat yayması.
4. 12 yanvar. AXC konfransından və Məclisindən sonra ilk dəfə İdarə Heyətinin iclasında iştirakım. 
5. 13 yanvar. Azərbaycan KP rəhbərliyinin bilavasitə iştirakı və təşviqi ilə "radikallar”ın liderləri tərəfindən Milli Müdafiə Şurasının yaradılması.
6. 13 yanvar. AXC İH-nin iclası (əslində 12 yanvardan başlayaraq 23 yanvara qədər İH demək olar ki, fasiləsiz iş rejimində idi), Milli Müdafiə Şurasının yaradılmasının müzakirəsi, MMŞ-na münasibətin müəyyənləşdiriliməsi və Azadlıq meydanında mitinq.
7. 13 yanvar. Bakıda sovet KQB-si tərəfindən təşkil edilmiş iğtişaşlar. 
8. 14 yanvar. KP MK binasında AXC rəhbərliyi ilə SSRİ və Azərbaycan rəhbərliyinin təmsilçiləri arasında görüş.
9. 16 yanvar. KP MK binasında AXC rəhbərliyi ilə SSRİ və Azərbaycan rəhbərliyinin təmsilçiləri arasında 2-ci görüş.
10. 15-18 yanvar. Gərginliyin və cəmiyyətdə radikallaşmanın yüksəlişi.
11. 17-21 yanvar. KP MK binası qarşısında fasiləsiz mitinq.
12. 18 yanvar. KP MK binasında AXC rəhbərliyi ilə Əbdürrəhman Vəzirov arasında görüş. 
13. 19 yanvar. AXC İH-də gərgin müzakirələr və qırğının qarşısının alınması cəhdləri.
14. 19 yanvar axşam. AZ TV-nin KQB diversantları tərəfindən partladılması. Bizim bir neçə İH üzvü ilə ora gedərək minlərlə qəzəbli insanın qarşısında çıxış etməyimiz və onları TV həyətinə və binasına daxil olmaqdan çəkindirməyimiz.
15. 19 yanvardan 20 yanvara keçən gecə. SSRİ rəhbərliyinin 20 yanvar cinayəti.
16. 20 yanvar. Səhər. MK binası qarşısında mitinqdə iştirakım.
17. 20 yanvar. AXC İH-də müzakirələr.Bəyanat qəbul etdik və baş verən faciəni M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin cinayəti, Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyinin bu cinayətdə iştirakı kimi q iymətləndirdik. Eyni zamanda bu faciədə AXC rəhbərliyi, xalq hərəkatı rəhbərliyi kimi öz səhvlərimizin olduğunu da qeyd etdik.
18. 20 yanvar axşam. KP MK qarşısında mitinqdə iştirak etdim və çıxışımda AXC-nin qeyd etdiyim bəyanatını da oxudum. Sovet tankının dinc kütləyə hücumu.
19. 21 yanvar. Növbəti dəfə mitinqdə olduq və bəyanatı bir daha iştirakçılara oxudum.
20. 21 yanvar axşam. AXC rəhbərliyinin qərarı ilə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasının keçirilməsini təşkil etdik, kommunist rəhbərliyin müqavimətinə baxmayaraq fədakar bölgə cəbhəçilərinin fəaliyyəti nəticəsində sessiyada yetərsayı təmin etdik. 
21. 22 yanvara keçən gecə. AXC rəhbərliyinin israrlı təkidi və yenə də bir sıra cəbhəçinin fədakarlığı ilə Ali Sovetin 20 yanvar cinayəti ilə bağlı çox sərt, güclü və tarixi qərarlarının qəbul edilməsinə nail olduq.
22. 22 yanvar. Şəhidlərimizin dəfn mərasimi təxminən 2 milyon əhalinin iştirakı ilə baş tutdu. Tanklar və silahlı əsgərlərlə hər tərəfi sarmış Sovet ordusu bu möhtəşəm hadisəyə müdaxilə edə bilmədi. Dəfn mərasmində çıxış etdim və AXC-nin mövqeyini xalqa təqdim etdim.
23. 23 yanvar. Sovet ordusu AXC-nin qərargahını ələ keçirdi və biz bir neçə ay qərargahsız fəaliyyət göstərməli olduq.
24. 23 yanvar. İnformasiya daxil oldu ki, bu gün AXC İH üzvləri həbs ediləcək. Həbs təhlükəsi daha real olan İH üzvlərinə xəbəri çatdırdıq ki, ehtiyatlı olsunlar, tövsiyyə etdik ki, bir neçə gün evdə gecələməsinlər. Mən özüm də 30 yanvara qədər bir həftə müxtəlif ünvanlarda gecələdim. Sonradan məlum oldu ki, həmin günlər bir sıra İH üzvlərini evinə gəliblər. Qonşularımın dediyinə görə bizim evə də gəliblərmiş.
25. 23-30 yanvar. Dediyim kimi evdə gecələməsəm də gündüzlər şəhərə çıxır, AXC rəhbərliyi və fəalları ilə görüşür, müzakirələr və fikir mübadiləsi aparır, müvafiq qərarlar qəbul edirdik. Məhz həmin günlərdə Azərbaycanda 40 gün davam edən ümumrespublika tətili başladı. Biz bu tətili idarə etməyə, fəhlə və işçilərə yardım etməyə çalışırdıq.
26. Şəhidlər Xiyabanında şəhidlərin 7 mərasimində iştirak etdim və çıxış etdim. AXC-nin ümumrespublika tətilinə münasibətini, qərar və tövsiyyələrini xalqa çatdırdım.
27. 30 yanvar. Baltik ölkələrinin xalq hərəkatı liderləri Riqada AXC və EÜH təmsilçilərinin görüş və danışığını təklif etdi. Biz AXC rəhbərliyində təklifi hərtərəfli dəyərləndirfikdən sonra qəbul etdik. AXC-ni təmsil etmək hüququ verdiyimiz Sabit Bağırov və Hikmət Hacızadənin ora gedib çıxa bilməsi üçün variantları araşdırdıq. Ən maraqlı variantlardan birini dəyərli dostumuz Ağamalı Sadiq Əfəndu təklif etdi: onun maşınında Mahaçqalaya gedib, ordan uçaqla getmək. Sonra daha sadə variant tapıldı.

Bütün bunları hətta çox qısa da yazsam əslində 20 yanvar günlərinin memuarları kimi bir şey yazmalıydım.

Bu isə indilik mənim planlarıma daxil deyildi. Vaxt da çox az idi. Elə bütün bunları düşünürkən, hər şey öz-özünə həll olundu, xəstələndim, 4-5 günümü xəstəxanada keçirməli oldum, yazı-pozu işləri təxirə düşdü.

Bu qərara gəldim ki, yazdıqlarımı ümumiləşdirim və təqdim edim. Qismət olarsa mövzuları davam etdirərik.
İlk növbədə onu deyim ki, bu il 20 yanvar mövzusu hər zamankından daha dərininə araşdırılımağa başladı, o dövrün sənəd və çıxışları üzə çıxmağa başladı, köhnə və yeni xatirələr cəmiyyətə təqdim olunmağa başladı.

Ola bilər ki, bunun üçün mənim qısa qeydlər taktikam da işə yaradı.

Ciddi bir yenilik ortaya çıxdımı? Mənim üçün yox.

Əsas odur ki, mövzu aktuallaşdı!

Mənim də istədiyim bu idi. Çünki ötən 28 ildə mənim 20 yanvar hadisəsinə baxışımda heç bir ciddi yenilik olmayıb. 1990-cı il 20 yanvar günü qəbul etdiyimiz AXC İH-nin Bəyanatında təqdim etdyimiz tezislər (1-baş verən faciənin M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin cinayəti, 2- Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyinin bu cinayətdə iştirakı və 3- eyni zamanda bu faciədə AXC rəhbərliyi, xalq hərəkatı rəhbərliyi kimi öz səhvlərimizin olduğunu da qeyd edilməsi) həm də mənim mövqeyim idi. 

Və bu mövqeyim bugünə qədər də dəyişməyib.

Son günlər gedən müzakirələrdə isə əsas gəldiyim nəticə bundan ibarət idi ki, 20 yanvar hələ də bitməyib.

Bu fikrimi Müsavat Partiyasının məclisinin 27 yanvar 2018 sessiyasında ifadə etmişəm:

"Azərbaycan üçün 20 Yanvar bitməyib. Çünki Azərbaycanı gerçək müstəqil həyatı ilə yaşamağa imkan verməyən Rusiya imperializmi mövcudluğunu davam etdirir. Bu siyasəti davam etdirən Putin hakimiyyəti mövcudluğunu davam etdirir. Vəzifə naminə, hakimiyyət naminə Moskvanın hər bir tapşırığını həyata keçirməyə hazır olan şəxslər Azərbaycanda hakimiyyətdə əyləşiblər. Sabah onlara deyilsə, SSRİ-nin bərpasına da imza atarlar, rus ordusunun Azərbaycana gəlməsinə də imza atarlar. Yenə də şöhrət naminə populizmə hazır olan, vəzifə naminə, karyera yüksəlişi naminə hər cür avantürizmə hazır olan insanlar Azərbaycan siyasətində at oynatmaqda davam edirlər. 

20 Yanvarı doğuran şərtlər bu gün bütün gücü ilə ortadadır". 

Yazı İsa Qəmbərin "Facebook” səhifəsindən götürülüb.