“Əsgər” filmini çəkən rejissor danışdı

“Əsgər” filmini çəkən rejissor danışdı

05-11-2015 13:56 / Bu xəbər 2775 dəfə oxundu

Son günlər ictimaiyyətdə "Azərbaycan Bayrağı orden”i ilə təltif olunmuş Qarabağ döyüşçüsü İbad Hüseynovla bağlı qalmaqallı fikirlər səsləndirilir. Bu fikirlərə etirazını bildirən "Əsgər”filiminin rejissor Etibar Məmmədov veteninfo.az-a müsahibə verib. Arqument.Az həmin müsahibəni bəzi ixtisarlarla təqdim edir: 

- Son günlər "Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovun həyatı və döyüş yolundan bəhs edən "Əsgər” sənədli filmi haqqında müxtəlif məlumatlar yayılıb. Bu filmin rejissoru sizsiniz?

-Bəli.

- Mətbuat yazır ki, bu film MTN-nin sponsorluğu ilə ərsəyə gəlib və keçmiş nazir Eldar Mahmudov bu filmin çəkilməsində maraqlı imiş...

- Tamamilə yalandır. MTN-nin "Əsgər” filminin sponsorluğuna qətiyyən aidiyyatı yoxdur. Bunu tam məsuliyyətlə, filmin rejissoru olan bir şəxs kimi deyirəm. Bu filmi vətənpərvər bir insan maliyyələşdirib, ancaq adının çəkilməməsini istəyib. İkincisi, bu filmin işdən qovulan keçmiş nazir Eldar Mahmudovla da heç bir əlaqəsi yoxdur. Sadəcə, filmdə 1993-cü il hadisələrinin canlı şahidi olmuş bir nəfərin müsahibə verməsi üçün MTN-ə rəsmi müraciət etdik. İcazə məhdudiyyətli idi, ona görə ki, o zaman əməliyyatçı olmuş həmin şəxs film çəkilən zaman da məxfi statusunda idi. Üzünü bağlamaqla və mövzuya aid cəmi iki sual vermək şərti ilə müsahibəyə icazə verildi. Çəkiliş bu şərtlərlə aparıldı. Buna görə, filmin sonunda yaradıcı heyət Milli Təhlükəsizlik Nazirliyinə təşəkkürünü bildirib. Vəssalam. Sponsorluq və digər ortaya atılan məsələlər ağ yalandır.

- Belə çıxır ki, belə məlumatları yayanlar filmlə tanış deyillər?

-Bəli. Birincisi, son günlərin yalan və iftiralarını yayanlar bir dəfə də olsun, "Əsgər” filminə baxmayıblar. Baxsaydılar, "MTN-nin sponsorluğu ilə” ifadəsini yazmazdılar. Filmə baxmadan, məsələnin mahiyyətindən tam xəbərsiz ola-ola belə yalan uydurmaq ondan xəbər verir ki, burada söhbət qara PR-dan gedir. Birinci yalan, avtomatik olaraq, ikincini doğurur. İkinci yalan ondan ibarətdir ki, guya filmdə Monte Melkonyanın məhv olunması əməliyyatının MTN tərəfindən planlaşdırıldığı, İbad Hüseynov tərəfindən həyata keçirildiyi deyilir. Bu da iftiradır. Filmə baxsanız görərsiniz ki, orada təqdim olunan arxiv sənədlər Müdafiə Nazirliyinin arxivindəndir, respondentlər isə Müdafiə Nazirliyinin keçmiş hərbçiləridir.

- İbad Hüseynovun Monte Melkonyanı öldürməsini təsdiq edən başqa mənbələr varmı?

- Əlbəttə, var. Çox mötəbər elm adamları, xarici ölkələrin strateji mərkəzləri, hətta XX əsrin 90-cı illərin əvvəllərində respublikada gedən proseslərdən xəbəri olan insanlar öz əsərlərində yazırlar ki, Monte Melkonyanı İbad Hüseynov öldürüb. Onlar bunu etməyə də bilərdilər. Bu məlumatı dəfələrlə yoxlayıb sonra kitablarına, məruzələrinə daxil ediblər. Ancaq təəssüflər olsun ki, Azərbaycanda yoxlanmamış, sifariş xarakterli məlumatlar yazılır. Bu, təəccüb və təəssüf doğurur.

- İbad Hüseynov və Monte Melkonyan adları həmişə yan-yana çəkilir və həmişə belə qalmaqallar baş verir...

- Doğrudur. Ancaq mən sizə deyim ki, Melkonyan İbad Hüseynovun döyüş yolunun heç 1 faizi də deyil. Sadəcə, o zaman film çəkmək ideyası yarananda bu əhvalatın üzərində dayandıq, çünki "Avo” (Montenin ləqəbi) "ASALA” beynəlxalq erməni terror təşkilatının rəhbərlərindən biri idi. İbad Hüseynovun Azərbaycanın ərazi bütövlüyü uğrunda iştirak etdiyi daha genişmiqyaslı döyüşləri olub. Həmin döyüşlərdən biri ekranlaşdırılacaq. 

Arqument.Az