Estoniya banklarının müştəriləri Rusiya, Azərbaycan və Moldova üçün pul “yuyublar”

Estoniya banklarının müştəriləri Rusiya, Azərbaycan və Moldova üçün pul “yuyublar”

02-06-2018 12:18 / Bu xəbər 2141 dəfə oxundu

Məqalə "Novaya Gazeta" saytında dərc olunub. 

Estoniya polisinin maliyyə kəşfiyyatının mayın 25-də dərc etdiyi hesabatda göstərilir ki, 2011-2016-cı illər ərzində ölkə bankları vasitəsilə 13 milyard avrodan çox pul "yuyulub” - əsasən Rusiya, Moldova və Azərbaycandan. Estoniya banklarında şübhəli əməliyyatların əksəriyyəti qeyri-rezidentlərin hesabları ilə baş tutub.

Oxşar mübahisə fevralda qonşu Latviyada baş verib: ABŞ-ın maliyyə kəşfiyyatı ən böyük banklardan birini (ABLV) korrupsiyada, çirkli pulların yuyulmasında və Şimali Koreyanın raket proqramını maliyyələşdirən təşkilatlarla əlaqədə günahlandırıb.

Moldova landromatı

Ötən cümə günü nəşr olunan bir hesabata görə, Estoniya son bir neçə il içərisində çirkli pulların yuyulmasında fəal şəkildə istifadə olunub. Ölkə banklarının iştirak etdiyi sxemlərin əksəriyyəti qonşu Latviyadan məlumdur. Beləliklə, 2011-2014-cü illərdə Rusiya-Moldovanın "Landromat" sxemi üzrə Estoniya vasitəsilə təxminən 1,6 milyard dollar ötürülüb.

Pullar Rusyadan bu formada çıxarılıb: iki xarici şirkət uydurma borc müqaviləsi bağlayır, əməliyyatın zaminləri Rusiya şirkəti və Moldova vətəndaşı olur; uydurma borcların ödənilməsi zamanı gəldiyində, xarici şirkət Moldovada məhkəməyə müraciət edir, məhkəmə də Rusiya şirkətinin zəmanət iddialarını yerinə yetirməsini və Moldova bankına pul köçürməsini tələb edir. Oradan da Avropa banklarında xarici şirkətlərin hesabına köçürülür.

Bundan əlavə, Estoniyalı bankların Moldovada "əsrin oğurluğu" ilə əlaqələri ortaya çıxıb: üç böyük Moldova bankının hesablarından bir milyard dolların çıxarılması.

Azərbaycan landromatı

2012-ci ildən 2014-cü ilədək Azərbaycanın hakim elitasının nümayəndələri xarici banklarda saxta şirkətlərin hesablarına pul köçürüblər. Daha sonra bu pullar, azərbaycanlı hüquq müdafiəçiləri və jurnalistlərin kütləvi həbslərinə görə kəskin tənqidlərə məruz qalan rəsmi Bakının maraqlarını beynəlxalq səviyyədə lobbiçilik etmək üçün avropalı rəsmilərə rüşvət verməkdə istifadə olunub. 

Vəsaitin böyük hissəsi (yuyulan pulun ümumi həcmi 3,9 milyard dollardır) Danimarkanın "Danske” bankının Estoniya filialından keçib. 2017-ci ildə banka pul yuyulması ilə mübarizə haqqında Danimarka qanunvericiliyinə əməl edilməməsinə görə 1,7 milyon avro cərimə kəsilib.

Bundan əlavə, hesabata görə, 2012-ci ildən etibarən Rusiyadan Estoniya vasitəsilə 7,3 milyard avro məbləğində bir çox şübhəli əməliyyat həyata keçirilib.

Yeni qanun

Noyabr ayının sonunda qüvvəyə minən yeni qanunla pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Estoniyada böyük gözləntilər var.

Buna uyğun olaraq, fiziki şəxslər üçün maliyyə pozuntularına görə cərimə 32 min avrodan 400 min avroya qədər artıb. Pulun yuyulması hallarının sübut edilmiş bir fakt olduğu təqdirdə, bank 5 milyon avro və ya illik dövriyyəsinin 10 faizi qədər cərimə edilə bilər.

Bundan əlavə, qanun banklara öz müştərilərini daha yaxşı öyrənməyə məcbur edir: xüsusən, yalnız maliyyənin mənşəyinin legitimliyini deyil, həm də əməliyyatların etibarlılığını yoxlamaq.

Pulların Yuyulması İnformasiya Bürosu (şübhəli əməliyyatlara nəzarət edən xüsusi polis bölməsi) pulların yuyulmasına qarşı mübarizəni asanlaşdırmaq üçün qanunvericiliyin daha da təkmilləşdirilməsinin zərurəti üzərində dayanır.

Xaricilərə "yox" deyirlər

Latviyadan fərqli olaraq (ABLV ilə qalmaqala qədər qeyri-rezidentlərin payı bütün depozitlərin təxminən üçdə birini təşkil edirdi) Estoniyada qeyri-rezidentlərin sayı son məlumatlara görə, bütün bank müştərilərinin 11,7% -ni təşkil edir. Bununla yanaşı, qeyri-rezidentlərə göstərilən xidmət adətən problemlər yaradır.

Tənzimləyici qeyri-rezidentlərlə bağlı bankları məhdudlaşdırmırsa da, özləri xarici müştərilər üçün hesab açmaqda adətən istəksizdirlər. Bu, başadüşüləndir: birincisi, yeni cərimələrin fonunda, əməliyyatların legitimliyini izləmək daha çətin olan potensial təhlükəli müştərilərlə işləmək, sadəcə olaraq sərfəli olmaya bilər. İkincisi, qeyri-rezidentlərlə bağlı yaranan problemlər nəticəsində bir bankın bütün ölkənin maliyyə sisteminə təsir göstərdiyi Latviya nümunəsini Estoniyada yaxından izləyirlər.

"Bu, bankların mövqeyidir - eston maliyyə analitiki Dmitri Kuravkin deyir, - onlar əsasən çirkli pulların yuyulması ilə mübarizə aparan heyətin xərclərini azaltmaq və ağır cərimələrə məruz qalmamaq məqsədi ilə qeyri-rezidentə imtina edirlər".