Estoniyada nəqliyyat pulsuz oldu, Azərbaycanda isə yenə bahalaşma gözlənilir

Estoniyada nəqliyyat pulsuz oldu, Azərbaycanda isə yenə bahalaşma gözlənilir

01-08-2018 18:14 / Bu xəbər 2599 dəfə oxundu

Elman Rüstəmov: ''Düşünmürük ki, bu artım inflyasiyanı 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər''

Ötən aydan etibarən Estoniyanın 15 regionundan 11-də ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərməyə başlayıb. Estoniya bu addımı ilə az qala bütün ərazisində ictimai nəqliyyatda gedişhaqqını ləğv etmiş ilk Avropa ölkəsi olub. 

Ölkənin iqtisadiyyat və infrastruktur naziri Kadri Simson deyib ki, dövlətin bu addımı atmaqda məqsədi estoniyalıları şəxsi avtomobillərindən imtina edərək ictimai nəqliyyata "mindirmək” və ətraf mühiti çirklənmədən qorumaqdır.

Ölkənin paytaxtı Tallinn şəhərində ictimai nəqliyyat hələ 2013-cü ildən şəhər sakinləri üçün pulsuzdur. Layihə dövlət büdcəsindən maliyyələşdirilir. Şəhərin Bələdiyyə rəhbəri Taavi Aas deyib ki, son illərdə avtomobil sayının artmasına baxmayaraq, layihə uğurla işləyir. Sorğulara görə, sərnişinlərin təxminən yarısı pulsuz olduqdan sonra ictimai nəqliyyatdan tez-tez istifadə etdiyni deyib.

Tallinndən fərqli olaraq, Estoniyanın 11 regionunda, turistlərin də daxil olduğu yerdən asılı olmayaraq, hər kəs pulsuz nəqliyyatdan istifadə edə biləcək.

Şimali Avropanın Baltik regionunda yerləşən bu dövlət müstəqilliyini Azərbaycanla eyni ildə - 20 avqust 1991-ci ildə bərpa edib. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Ölkə 2004-cü idən həm NATO-nun, həm də Avropa İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkə kimi tanınır, BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə İnkişaf etmiş ölkələr qrupuna daxil edib.

Bir zamanlar Estoniya ilə müqayisə edilən Azərbaycanda isə ictimai nəqliyyatda gedişhaqqı avqustun 1-dən etibarən artırıldı.

Tarif (qiymət) Şurası hesab edir ki, dəyişikliklərdən sonra belə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır:

"Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir”.

Lakin iqtisadçılar deyilənlərlə razılaşmırlar. Onların sözlərinə görə, müqayisə edilən ölkələrdə əmək haqqı da Azərbaycandakı orta aylıq əmək haqqından yüksəkdir.

Milli Məclisin üzvü Fazil Mustafa isə deyib ki, metro və ictimai nəqliyyatda gediş haqlarının artması təkcə bu sahə ilə kifayətlənməyəcək, digər sahələrdə də bahalanmaya səbəb olacaq:

"Bu bahalanma insanların həyat şəraitinə ciddi təsir göstərəcək. Özü də indi, gəlirlərin artmadığı bir vaxtda bunun nəticələri pis ola bilər...».

Lakin ölkənn baş bankiri, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib ki, avtobus və metroda qiymət artımının inflyasiyaya bir qədər yüksəldici təsiri var.  

Onun sözlərinə görə, Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq.

"Lakin düşünmürük ki, bu artım inflyasiyanı 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər", - deyə sədr bildirib.

E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağlıdır".

Onun sözlərinə görə, inflyasiyaya təsir edən əsas amil məzənnə sabitliyidir. E.Rüstəmov əlavə edib ki, AMB məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olunub: "Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb".///Toplum.Tv