Əvəz olunan və əvəzolunmaz 2 lider

Əvəz olunan və əvəzolunmaz 2 lider

14-07-2017 18:32 / Bu xəbər 2057 dəfə oxundu

Yadigar Sadıqov
 
10 may 1940-cı il. İngiltərə parlamentinin toplantısında İkinci Cahan Savaşının gedişi müzakirə olunur. Səslənən kəskin tənqidlər müqabilində baş nazir Nevil Çemberlen istefa verir və onu Uinston Çörçill əvəz edir. 

Üç gün sonra baş nazir kimi parlamentdə ilk nitqində Çörçill: "Mənim (britaniyalılara – Y.S.) qan, ağır zəhmət, göz yaşı və tərdən savayı təklifim yoxdur”, - söyləyir.

Vəziyyət, doğrudan da, ağır idi. İngiltərə Skandinaviya uğrunda savaşı nasist Almaniyasına uduzmaqda idi. Atlantika uğrunda döyüşdə alman sualtı qayıqları ingilis donanmasına ağır tələfat yaşadırdılar. Çörçillin baş nazir olduğu gün almanlar Fransa, Belçika və Niderland üzərinə hücuma keçdilər. Artıq bir neçə gündən sonra müttəfiqlərin, eləcə də ingilis ekspedisiya korpusunun vəziyyətinin ümidsiz olması aydınlaşdı.

Mayın 14-də Niderland, 28-də isə Belçika təslim oldu. Fransa kimi böyük dövlətin müqaviməti isə rəsmən 43 gün (faktiki olaraq daha az) çəkdi. İyunun 22-də Kompyen meşəsində imzalanan aktla Fransa təslim oldu.

Bundan sonra İngiltərə Almaniya, İtaliya və Yaponiya ittifaqına qarşı tək qaldı (ABŞ və SSRİ o zaman hələ savaşa qoşulmamışdılar). Təsadüfi deyil ki, Hitler Fransa üzərində qələbədən sonra İngiltərənin də müqaviməti dayandıracağına və Almaniya ilə sülh bağlayacağına əmin idi. Bu ümid heç də əsassız deyildi. Hətta Britaniya Nazirlər Kabinetinin bəzi üzvləri də vəziyyətin çıxılmaz olduğunu əsas gətirərək almanlarla anlaşmağı təklif edirdilər.

Bu dövrdə İngiltərənin vəziyyəti gerçəkdən ümidsiz görünürdü. 1940-cı ilin müzəffər yaz kampaniyası nəticəsində Almaniya Atlantik okeanı sahillərində vacib strateji nöqtələri ələ keçirmiş, bununla da həm aviasiyasinın, həm də sualtı qayıqlarının ingilislərə qarşı mübarizəsinin daha məhsuldar olması üçün şərait əldə etmişdi. Bundan sonra alman sualtı qayıqlarının ingilis donanmasına vurduğu zərər dəfələrlə çoxalmışdı. Aviasiya isə iyul ayının əvvəllərindən başlayaraq Böyük Britaniya şəhərlərini aramsız bombalayırdı.

İyun ayında İtaliyanın Almaniya tərəfində müharibəyə qoşulması nəticəsində ingilislər üçün 2 yeni cəbhə açıldı. Onlardan biri Aralıq dənizindəki savaş teatrı idi, digəri isə Şimali Afrikada italyan təcavüzünə qarşı cəbhə. Beləliklə, İngiltərənin vəziyyəti Çörçillin baş nazir olmasından əvvəlki dövrlə müqayisədə qat-qat ağırlaşmışdı.

Lakin Çörçill təslim olmaqdan qəti imtina etdi və ingilislərin sona qədər müqavimət göstərəcəyini bildirdi. Strateji şərait isə tədricən dəyişməkdə idi. Britaniya aviasiyası və donanmasının döyüş qabiliyyətini qoruması nəticəsində Hitler 1940-cı ilin payızında Britaniya adalarına qoşun çıxarmaq haqqındakı "Dəniz aslanı” planından imtina etdi və SSRİ ilə müharibəyə hazırlaşmağa başladı. Bununla əlaqədar alman aviasiyasının xeyli hissəsi şərqə göndərildi və Britaniya şəhərlərinin bombardmanı azaldı.

1941-ci ilin iyununda SSRİ-nin, dekabrında isə ABŞ-ın Almaniya ilə müharibəyə qoşulması Böyük Britaniyanın vəziyyətini bir qədər yüngülləşdirdi. Lakin yeni çətinliklər də ortaya çıxdı. Nəhəng imperiyanın Asiya və Afrikadakl müstəmləkələri təhlükə altına düşdü. Xüsusən Asiyada Yaponiya ingilis müstəmləkələrinə qarşı uğurlu əməliyyatlara başladı.

Bu illərdə Çörçill Antihitler koalisiyasının üzvləri arasında ən çox səfər edən lider idi. Təbii ki, təhlükəsizlik baxımından səfərlər barədə öncədən xəbər verilmirdi.

Çörçill

Lakin sonrakı tarixlə məlum olurdu ki, baş nazir Vaşinqtonda, Moskvada, Qahirədə, Adanada və digər yerlərdə olub. O gah təyyarə, gah gəmi, gah qatarla hərəkət edirdi.

Bütün çətinliklərə baxmayaraq, Antihitler koalisiyası üzvlərinin iqtisadi potensialı tədricən öz sözünü deməyə başladı. SSRİ sovet-alman cəbhəsində, ingilis və amerikanlar isə Afrika və Asiyada, Aralıq dənizi və Sakit okean teatrında üstünlüyü ələ keçirdilər. Radarlardan istifadə, almanların "Eniqma” şifr aparatının kodunun sındırılması ilə gizli yazışmaların oxunması, səmada üstünlüyün ələ keçirilməsi nəticəsində alman sualtı qayıqlarının effektivliyi minimuma endirildi.
Artıq 1943-cü ildə ingilis-amerikan qoşunlarının İtaliyaya qoşun çıxarması nəticəsində Mussolininin faşist hakimiyyət devrildi. Almaniya və Yaponiyaya qarşı müharibə isə hələ 2 il davam etdi. Nəhayət, 1945-ci ilin mayında Almaniya təslim oldu. Yaponiyanın təslimi isə sentyabrın 2-də baş verdi. Lakin bu vaxt Çörçill artıq baş nazir deyildi...

İngiltərədə son parlament seçkiləri 1935-ci ildə keçirilmişdi. Növbəti seçkilər 1940-cı ildə olmalı idi, lakin müharibə səbəbindən təxirə salınmışdı. Mühafizəkarlar parlamentə çoxluğa malik olsalar da, Çörçill kabinetini formalaşdırarkən milli həmrəylik naminə müxalif leyborist və liberal partiyalarının nümayəndələrini də cəlb etmişdi. Leyboristlərin lideri Klement Ettli hökumətdə ikinci adam idi.

Almaniya üzərində qələbənin artıq şübhə doğurmadığı bir vaxtda Ettli Çörçillə 1945-ci ilin oktyabrında yeni parlament seçkiləri keçirməyi təklif etdi. Baş nazir isə özünün xalq arasındakı populyarlığından (rəy orğularına görə savaş illərində Çörçillə etimad 80%-dən aşağı düşmürdü) maksimum yararlanmaq üçün seçkiləri daha tezə, iyulun 5-nə təyin etdi.

Seçki kampaniyası zamanı ana müxalifət partiyası olan leyboristlər və onların lideri Klement Ettli gələcəkdən danışır, savaşın vurduğu zərbələri aradan qaldırmaq üçün görəcəkləri işlərini, proqramlarını acıqlayırdılar. Mühafizəkarlar isə öz liderləri Çörçillin populyarlığına arxayın idilər. Onlar gələcəkdən deyil, artıq keçmişə çevrilməkdə olan müharibədə liderlərinin xidmətlərindən danışır, ciddi iqtisadi proqramlarla çıxış etmirdilər. Qələbəni cibində hiss edən Çörçill isə ciddi yanlışlıqlara yol verdi. Çıxışlarının birində o leyboristləri İngiltərədə gestapo yaratmaq istəyində ittiham etdi. Britaniya seçici isə siyasi mübarizənin bu şəkildə aparılmasına öyrəşməyib.

Seçkilərin nəticələri tamamilə gözlənilməz oldu. Ölkəni olduqca ağır bir şəraitdə, məğlubiyyətin bir addımlığında qəbul edib qələbəyə daşımış Çörçillə seçicilərin 1/3 hissəsindən bir qədər çoxu - 36%-i səs verdi. Leyboristlərin səsi isə 50%-ə yaxın idi. Mojaritar sistemin özəlliklərinə görə mandatlar arasındakı fərq daha böyük idi. Parlamentdə mühafizəkarlar 197, leyboristlər isə 2 dəfə çox, 393 yer qazanmışdılar. Bu mühafizəkarlar partiyasının tarix boyu ən ağır məğlubiyyətlərindən biri idi. Taleyin istehzası ilə onun da müəllifi İngiltərə tarixinin ən parlaq şəxsiyyətlərindən biri, ölkəsi qarşısında müstəsna xidmətləri olan Uinston Çörçill idi.

İyulun 26-da yekun nəticələr elan olunarkən Çörçill Böyük üçlüyün (SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin) Podstam konfransında iştirak edirdi. İki gün sonra isə yerini yeni baş nazir Klement Ettliyə verərək vətənə döndü. Burada kral VI Corc onu imperiyanın ən qədim və ən ali cəngavər ordeni olan Nəcabətli Bant ordeni ilə təltif etmək istədi. Çörçill isə acı kinayə ilə "xalq artıq məni Başmaq ordeni ilə təltif edib” (yəni təpik vurub istefaya göndərib) söyləyərək imtina etdi. Yanız 9 il sonra yenə baş nazir statusunda olarkən Uinston Çörçill kraliça II Yelizaveta tərəfindən Nəcabətli Bant ordeni ilə mükafatlandırıldı.

Klement Ettli dünya tarixində Çörçill qədər məşhur olmadı və ola da bilməzdi. Çünki o artıq sülh dövrünün iqtidarı idi və daha çox daxili problemlərin həll edilməsinə çalışırdı. Bu problemlərin öhdəsindən isə o, uğurla gəldi. Hakimiyyətdə olduğu 6 il ərzində İngiltərənin dağılmış iqtisadiyyatının dirçəlməsinə və əhalinin rifahının, sosial təminatının yüksəlməsinə nail oldu. Buna görə də Ettli İngiltərənin özündə ən yaxşı baş nazirlərdən biri sayılır.

*** 

Camal Əbdül Naser də XX əsrin önəmli fiqurlarındandır. Misirdə monarxiyanın devrilməsi ilə nəticələnən inqilabın əsas xadimlərindən biri, bir müddət sonra isə respublikanın şəriksiz hakimi olan Naserin ərəb dünyasında gedən proseslərə təsiri hətta ölümündən sonra da duyulmaqda idi.

1952-ci il inqilabından 2 il sonra Camal Əbdül Naser prezident Mühəmməd Nəcibi devirərək hakimiyyəti ələ aldı. 1956-cı ilin iyununda keçirilən referendumla isə həm Konstitusiya qəbul edildi, həm də Naser prezident seçildi. Cəmi 1 ay sonra isə yeni prezident Süveyş kanalının milliləşdirilməsi haqqında qərar verdi. Bu da İngiltərə, Fransa və İsraillə hərbi konfliktə səbəb oldu.

Əbdül Nasir

Təbii ki, Misir bu güclərə müqavimət göstərmək imkanında deyildi və əməliyyatların gedişi fəlakətli şəkil almağa başladı. Lakin bu konflikt İkinci cahan savaşından sonra ABŞ və SSRİ-nin eyni mövqədən çıxış etdiyi nadir hadisələrdən biri oldu. Hər iki fövqəldövlət Misirin Süveyş üzərində suverenliyini dəstəkləyərək təcavüzün durdurulmasını tələb etdilər. Nəticədə hərbi məğlubiyyətə baxmayaraq, Misir öz məqsədinə nail olaraq mənəvi qələbə qazandı.

Qərb üzərində qələbəyə əsrlərdir ki, tamarzı qalan ərəb dünyasında bu hadisə Naserin nüfuzunu göylərə qaldırdı. Suriyada, İraqda, Livanda, Sudanda, Yəməndə, müstəqillik uğrunda mübarizə aparan Əlcəzairdə və digər ölkələrdə Naserin çoxsaylı pərəstişkarlar ordusu yarandı. O zaman yeniyetmə olan Müəmmər Qəddafi üçün də Misir prezidenti kumirə çevrilmişdi. Prezidentin ölkə daxilindəki nüfuzundan isə bəhs etməyə dəyməz.

Camal Əbdül Naser öz nüfuzundan ilk növbədə şəxsi hakimiyyətini möhkəmləndirmək üçün istifadə etdi. Monarxiya tərəfdarları, liberal Vəfd partiyasının və islamçı Müsəlman qardaşları təşkilatının üzvləri, kommunistlər həbs edilərək zindanlara atıldılar.

Maraqlıdır ki, kommunistlərə qarşı bu münasibətinə baxmayaraq, Naser sovet rəhbərliyi tərəfindən daim dəstəklənirdi. SSRİ Misirin həm iqtisadiyyatına, həm də hərbi qüvvələrinə xeyli yardım edirdi. Ölkədə 100-ə qədər sənaye obyekti, o cümlədən Asuan su bəndi, Heluan metallurgiya kombinatı nəhəng müəssisələr sovetlərin köməyi ilə tikilmişdi. 1955-1970-ci illərdə SSRİ güzəştli şərtlərlə Misirə milyardlarla dollar məbləğində hərbi texnika satmışdı.

Sovet lideri Xruşşov 1964-cü ilin mayında Misirdə səfərdə olarkən daha da irəli gedərək Naseri Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif etdi. Qeyd etmək lazımdır ki, bu qərar SSRİ rəhbərliyində heç də hamının ürəyincə deyildi. Xruşşov 5 ay sonra vəzifəsindən çıxarılarkən irəli sürülən ittihamlardan biri də məhz sözügedən təltif epizodu ilə bağlı idi.

1950-ci illərin ikinci yarısı – 1960-cı illərdə Camal Əbdül Naser ərəb dünyasının ən nüfuzlu siyasi xadimi, panərəbizm cərəyanının lideri idi. Bu təzahürdə yuxarıda bəhs etdiyim Süveyş qələbəsi ilə yanaşı Misir prezidentinin gözəl natiq və bacarıqlı populist olması da böyük rol oynayırdı. Qeyd edək ki, bu dövrdə ərəb ölkələrində dünyəvi quruluş ideyasının daha populyar olmasında da Naserin nüfuzunun rolu danılmazdır.

Bundan əlavə, Naser iqtidarının təhsil, səhiyyə sahəsində mütərəqqi addımlarını, ölkəni feodalizm geriliyindən qurtarmaq üçün gördüyü tədbirləri qeyd etmək lazımdır. Bununla yanaşı Camal Əbdül Naserin nüfuzu artdıqca hakimiyyəti daha despotik olurdu. Ölkədə birpartiyalı sistem mövcud idi. Hətta vitse-prezident kimi yüksək vəzifəyə təyinatı da Naser heç bir dövlət strukturunun razılığı olmadan həyata keçirmək səlahiyyətinə malik idi.

Ərəb dünyasının əsas problemi isə İsraillə münasibətlər idi. O zaman ərəblər arasında "Üç yox” prinsipi (İsraillə sülhə yox! İsrailin tanınmasına yox! İsraillə danışıqlara yox!) populyar idi. Naser həm ən nüfuzlu ərəb siyasətçisi kimi, həm də Misirin digər ərəb ölkələrindən daha güclü olması üzündən anti-İsrail mübarizəsinə başçılıq etməli idi.

Bir çox təzahürlərdən duymaq olar ki, İsraillə konfrontasiyaya getmək Naserin o qədər də ürəyincə deyildi. Lakin üzərinə götürdüyü və çox məmnunluqla ifa etdiyi "ərəb dünyasının lideri” rolu başqa seçim imkanı buraxmırdı.

1960-cı illərin ortalarında əsasən Suriya və İordaniya ilə İsrail arasında münasibətlər daha da gərginləşməyə başladı. 1967-ci ilin yazında isə növbəti ərəb-İsrail savaşının qaçılmazlığı aydın idi. Ərəb liderləri xeyli optimist çıxışlar edirdilər. O zaman Suriyanın hələ müdafiə naziri olan Hafez Əsəd söyləirdi: "Bizim qüvvələr nəinki təcavüzü dəf etməyə, hətta azadlıq prosesinin başlamağa, ərəb torpaqlarında sionist mövcudluğuna son verməyə hazırdırlar” .

Qahirədən yayımlanan "Ərəblərin səsi” radiosu isə "Biz daha BMT-yə İsraildən şikayətlərlə müraciət etməyəcəyik. İsrailə münasibətdə istifadə edəcəyimiz yeganə təsir vasitəsi – nəticəsi sionist dövlətin tam məhv edilməsi olacaq total müharibədir”, – deyə bildirirdi. İyunun əvvəllərində isə Naser özü ərəblərə müraciət edərək "yəhudiləri dənizə tökərək bir millət kimi məhv etməyə” çağırdı.

Lakin hərbi əməliyyatların gedişi heç də ərəblərin planlaşdırdığı kimi olmadı. İyunun 5-də Misir, Suriya, İordaniya, İraq və Əlcəzair kimi 5 ərəb dövlətinə qarşı təklikdə savaşa başlayan İsrail tarixə Altıgünlük müharibə adı ilə düşən konfliktdə tam və şəksiz qələbə qazandı. Ərəb ölkələri nə olduğunu anlamağa macal tapmamış canlı qüvvə və texnika sarıdan dəhşətli təlafatla üzləşmiş, xeyli ərazilər itirmişdilər. Mindən az əsgər və bir neçə təyyarə itirən İsrail Sinay yarımadasını, Holan yüksəkliklərini, şərqi Qüdsü, Qəzza sektorunu, İordan çayının qərb sahillərini ələ keçirmişdi.

Ərəb koalisiyasına daxil olan dövlətlər arasında ən çox itkilərə məruz qalan Misir oldu. Ölən hərbçilərin sayı 12-15 min arasında idi, 5 min əsir düşmüşdü. Sinay yarımadasında olan 935 tankdan 820-i itirilmişdi. 419 təyyarədən 304-ü məhv edilmidi. Bir sözlə, nəticələr tam bir fiasko idi.

Hələ atəşkəs bağlanmamış, iyunun 9-da Naser biabırçı məğlubiyyəti etiraf edərək istefa verdiyini və səlahiyyətlərini vitse-prezident Zəkəriyyə Mühiddinə ötürdüyünü bildirdi. Bu xəbəri eşidən yüzminlərlə misirli küçələrə çıxaraq istefa qərarına etirazını bildirdi. Onlar prezidentin yenidən vəzifəyə qayıtmasını tələb edirdilər. Ertəsi gün Naser xalqın rəyini nəzərə aldığını, istefadan vaz keçdiyini açıqladı.

Altıgünlük müharibədən 3 il sonra Camal Əbdül Naser 52 yaşında ürək xəstəliyindən vəfat etdi. Vitse-prezident kimi onun yerinə keçən Ənvər Sadat ölkədə ciddi nüfuza malik deyildi və proqnozların əksəriyyətinə görə müvəqqəti fiqur idi. Lakin o, öz hakimiyyətini qorumağı bacardı. 1971-ci ilin mayında Əli Səbri başda olmaqla Naserin bir qrup yaxın silahdaşları həbs edildilər və sui-qəsd təşkil etməkdə suçlanaraq ağır cəzalara məhkum olundular. Bu hadisələr Misirdə "May islah inqilabı” adını aldı.

Yeni prezident Misirin xarici siyasətində kəskin dönüşlərə imza atdı. SSRİ ilə dostluqdan imtina edən Sadat ABŞ-la yaxınlaşma kursu götürdü. 1977-ci ildə Ənvər Sadatın Qüdsə səfər edərək İsrail parlamentində çıxış etməsi bütün dünyanı şoka saldı. Beləcə, Misir İsraili rəsmən tanıyan ilk ərəb dövləti odu. Növbəti ildə isə İsrailin baş naziri Begin və Misir prezidenti Kemp-Deviddə sülh sazişi imzaladılar. Vaxtilə nasist Almaniyasının kəşfiyyatı ilə sıx əlaqələri olan Ənvər Sadat bu sazişə görə Beginlə birlikdə Nobel sülh mükafatına layiq görüldü.

Sadat hakimiyyətinin sonrakı illərində də Naserin çoxlu tərəfdarı vəzifələrindən çıxarıldılar, zindanlara atıldılar. 1981-ci ildə isə "Müsəlman qardaşlar” təşkilatının üzvü olan zabitlərin sui-qəsdi nəticəsində Ənvər Sadat öldürüldü. Misirdə "ərəb baharı”na qədər 30 il davam edən Hüsnü Mübarək hakimiyyəti başladı. Bütün bu 30 il ərzində ölkədə fövqəladə vəziyyət tətbiq olundu.

***

Xaricdə qalib, daxildə məğlub olan bir lider və xaricdə məğlub, daxildə qalib olan ikinci lider... Bir qayda olaraq bu tipli məqalələrin sonunda müqayisəli təhlil aparılır. Lakin fikrimizcə, buna ehtiyac yoxdur. Zatən hər şey ortada və obyektiv olan şəxslər özləri nəticə çıxaracaqlar. Faktlara rəğmən ideoloji klişelərdən çıxa bilməyənlərə isə təhlil də kömək etməyəcək.

Meydan.tv