Əvəz Zeynallı saxlanıldı

Əvəz Zeynallı saxlanıldı

20-12-2017 00:49 / Bu xəbər 1120 dəfə oxundu

O, polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilir

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı dekabrın 19-da Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparılıb.

Məlumatı jurnalistin həyat yoldaşı Məlahət Qisuri "Facebook” səhifəsində paylaşıb.

M.Qisuri Ə.Zeynallının saxlanılmasının səbəbləri barədə ehtimallarını da bölüşüb. Bildirib ki, Ə. Zeynallı uzun müddətdir ki, sosial şəbəkələrdə canlı yayımla Binəqədi rayon polis əməkdaşlarının fəaliyyətinə toxunurdu:

"O, polislərin Binəqədi şossesində yolu tez-tez bağlayıb, insanların kilometrlərlə məsafəni piyada getmələrindən bəhs edən məlumatlar paylaşırdı. Bu gün də yollar xəbərdarlıq edilmədən bağlanmışdı. Vəziyyəti çəkmək istəyən Əvəz Zeynallı vəzifəsi və kimliyi bilinməyən polis əməkdaşlarının təhqirinə məruz qaldı. Onu bölməyə apardılar".

Meydan TV 4-cü polis bölməsi ilə əlaqə saxlayıb. Bölmədən məlumat verə bilməyəcəklərini, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə müraciət etməyi söyləyiblər.

DİN-in mətbuat xidmətindən isə gün ərzində məlumat almaq mümkün olmayıb.

Vəkil Elçin Sadıqov jurnalist Əvəz Zeynallının Binəqədi Rayon Polis İdarəsində saxlandığını söyləyib:

"Dekabrın 20-də jurnalistlə görüşəcəyəm. Hələlik, onun saxlanılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər. Əvəz Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə inzibati iş qaldırılıb".

Ə.Zeynallı 2002-ci ildən "Xural" qəzetinin baş redaktorudur. O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilmişdi.

Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunurdu.

Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.

Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.