"Əvvəllər bu çayın suyunda xörək bişirirdik..." - Pensər kəndinin sakinləri

19-11-2017 15:15 / Bu xəbər 2181 dəfə oxundu

Pensər çay ona yaxın kəndin ərazisindən keçir. Çay daşanda ən çox ziyan bu kəndlərdən biri, Astara rayonun Pensər kəndinə dəyir.

Bu ilin oktyabr ayında baş verən daşqının törətdiyi fəsadlar, hələ tam ardan qaldırılmayıb. Bakı-Astara yolunun üstündə olan körpünün aşağı hissəsi ovulub. Vurulan bəndlərin bir hissəsi dağılıb. Çayın kənddən keçən hissəsində isə vəziyyət daha da acınacaqlıdır. Pensər kənd xəstəxanasının çaya tərəf olan hissəsində bəndlər uçub. Ağacların kökləri isə aydın görünür. Sel çaya yaxın olan həyətyanı sahələrə lil gətirib.

Pensər kənd sakini Mirzəmməd Ağayev problemlərdən danışır: "Su mənim həyətimin bir hissəsini basıb. Elə evlər var ki, təhlükədədir. Sel bir də gəlsə ziyan çox dəyəcək. İnsan ölümü də mümkündür. Biz Pensər çayının əsirinə çevrilmişik”.

Mirzəmməd Ağayev

"SEL BƏNDİN YARISINI DAĞITDI”

O çayın sahilində aparılan bərkitmə işlərini əli ilə göstərərək sözlərinə davam edir: "Bərkitmə işləri sovet dövründən başlanıb. Bəlkə də 40-50 ilin işidir. Beton vurulub, yarısı yerindədir. Çayın digər sahilində isə bu yaxınlarda bərkitmə işləri aparılıb. Oktyabr ayında sel bəndin yarısını dağıtdı..."

Kəndin digər sakini Xudabaxış Şükürov çayın sahilində yığılan zibillərin ətraf mühiti korladığını deyir. Onun sözlərinə görə, yay aylarında natəmizlikdən çaya yaxın durmaq olmur: "Buralar həmişə zibil olur. Kəndin 7 min nəfərdən çox əhalisi var. Hərə bir qədər bura zibil atsa gör nə günə qalar...”

Pensər kənd xəstəxanasının çaya tərəf olan hissəsində bəndlər uçub.

ÇAYIN SUYUNDAN XÖRƏK BİŞİRƏNDƏ İSTİFADƏ EDİLİB.

Çayın sahilində iki qadın paltar yuyurdu. Onların deməsinə görə, əvvəllər çayın suyundan xörək bişirəndə, çay qoyanda istifadə ediblər. İndi bu mümkün deyil: "Su çirklənib. Elə vaxtlar olur paltar yumaq üçün də yararlı olmur. Lildir, çirklidir. Bizim babalarımız balığı bu çaydan tutardılar. Süfrələrimizdən balıq əskik olmazdı. İndi nə balıq? 20-30 il olar ki, buralarda balıq yoxa çıxıb. Burdan Xəzər dənizinə 3-4 kilometr olar. Ordan buraya qədər o qədər maneələr var ki, balıq bura çata bilmir”.

"BURDA EKOLOJİ FƏLAKƏT VAR”

Qonşu Şiyəkəran kəndində də eyni vəziyyəti gördük. Çayın üstündə qurulan körpüdən keçmək zirəklik istəyir. Körpü yellənir.

Çayın üstündə qurulan körpüdən keçmək zirəklik istəyir.

Mirzəmməd Ağayev deyir ki, bu körpülərin birini yerli iş adamı tikib. İkinci körpü isə yararsızdır. O deyir ki, çaydan çınqıl daşıyırlar: "Çayda inşaat işləri üçün yararlı olan qum, çınqıl var. Bir lafet çınqıl 30-40 manata satılır. Qum isə bahadır. Ətraf kəndlərdə çaydan çınqıl daşıyan 17 ədəd mini lafet var. Çayın içi hər yerdə qazılıb. Çınqıl bir çoxları üçün qazanc mənbəyinə çevrilib. Görürsüz, hər yerdə dağıntı var”.

Onun deməsinə görə, çınqıl daşındıqca çay dərinləşir, nəticədə bərkitmə üçün işlədilən panellər sıradan çıxır, yarğanlar əmələ gəlir: "Burda ekoloji fəlakət var. Çayın eni ildən-ilə genişlənir. Elə yerlər var ki, çayın eni yüz metrə çatır. Bu da yaxın ərazidə yerləşən evlərə təhlükə yaradır”.

Mirzəmməd Ağayevin deməsinə görə, su Şiyəkəran və Şahağacı kəndlərin ərazisində ilişib qalır:

"Çınqılın daşınması hesabına Pensər kənd ərazisindən keçən çay genişlənir, Şiyəkəran və Şahağacı ərazisindən keçən çay isə daralır. Su gəlib burda ilişir. Nəticədə su şişir. Pensər kəndinin çaya yaxın olan ərazilərini su basır”.
 
Çınqılın daşınması hesabına Pensər kənd ərazisindən keçən çay genişlənir.

"İŞLƏR GÖRÜLÜR”

M. Ağayev deyir ki, Pensər çayının problemləri ilə bağlı prezidentə, nazirliklərə və yerli icra orqanlarına onlarla müraciətlər olunub. Əlindəki bağlamanı göstərərək əlavə edir: "Yüzə yaxındır. Yarısı evdədir. Düzdür, gəlib baxırlar, nə isə yazırlar, çıxıb gedirlər. Nəticə isə yoxdur”.

Təkcə Mirzəmməd Ağayevin bu məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti aparatına ondan çox müraciəti var. Astara Rayon İcra Hakimiyyəti cavab məktubların birində bildirir ki, "mövcud problemlərin aradan qaldırılmasından ötrü aidiyyəti üzrə Pensər və Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə tapşırıqlar verilib”.

Məktubda məsələ ilə bağlı Pensər və Şiyəkəran bələdiyyələrin sədrlərinə də müvafiq tövsiyələrin verildiyi bildirilir.

Astara Rayon İcra Hakimiyyətinin Pensər kənd ərazi nümayəndəsi Azər Əhmədov isə deyir ki, Pensər çayı ilə bağlı kompleks tədbirlər nəzərdə tutulub və bu Dövlət Proqramına salınıb: "Ümumiyyətlə orda iş çoxdur. İlkin olaraq çayın sağ və sol tərəflərində 3 kilometr uzunluğunda sahilbərkitmə işləri nəzərdə tutulub. İşlər görülür”.///azadliq.org