Əziz Orucova hökm oxundu

Əziz Orucova hökm oxundu

15-12-2017 18:42 / Bu xəbər 1378 dəfə oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda Ə. Orucovun vəkilləri çıxış edərək, ona bəraət istəyiblər.

Sonra Ə. Orucov son sözlə çıxış edib. O da çıxışında barəsində bəarət hökmünün çıxarılmasını istəyib.

Hakimlər kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Ə. Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir. «Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.