Əziz Orucovun məhkəmə istintaqı yekunlaşdı

Əziz Orucovun məhkəmə istintaqı yekunlaşdı

24-11-2017 20:35 / Bu xəbər 1299 dəfə oxundu

Vəkillərin vəsatətləri təmin edilməyib

''Kanal 13'' internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun məhkəmə istintaqı başa çatıb. 

O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinir.

Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə vəkil Cavad Cavadov hakimlərdən qanunun şərh olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etmələrini istəyib:

"Cinayət Məcəlləsinin 192.1 maddəsində "dövlət qeydiyyatına alınmadan" ifadəsindən sonra mötərizədə «vergi uçotuna alınmadan» ifadəsi yazılıb. Yəni konkretləşdirilib ki, hansı fəaliyyət qanunsuz sahibkarlıq hesab olunur. Amma istintaq orqanı götürüb qrant vəsaitləri üzrə əməliyyatları qanunsuz sahibkarlıq kimi qələmə verib. Xahiş edirik, Konstitusiya Məhkəməsi qanunun bu maddəsini şərh eləsin”.

Vəkil təqsirləndirilən şəxsin qardaşı Anar Orucovla da bağlı vəsatət verib və onun dindirilməsini istəyib. 

"İstintaq heç bir sübut-dəlilə istinad etmədən Ə.Orucovu ''Qafqaz Media Tədqiqatlar Mərkəzi'' İctimai Birliyinin faktiki rəhbəri kimi təqdim edib, həmin təşkilata ayrılan qrantlara görə ona ittiham verib. Əslində isə təşkilatın rəhbəri onun qardaşı Anar Orucovdur. O, bir neçə ildir ki, Almaniyada yaşayır. Xahiş edirik, ya internet vasitəsilə videogörüntü ilə dindirilsin, ya da onun dindirilməsi üçün Almaniyanın məhkəmə orqanlarına müraciət olunsun.

"Prokurorluq iddia edir ki, qrant müqaviləsi qeydə alınmayıbsa, qrant sayılmır. Yaxud həmin qrant vəsaitləri üzrə əməliyyatları qanunsuz sahibkarlıq kimi qələmə verir. Heç nəyə də əsaslanmır, qanuna istinad eləmir. Ekspert yoxlama aktında yazılanları rəyə köçürüb imzalayıb. Ona görə bu adamların dindirilməsi vacibdir” – bu vəsatətlə isə digər vəkil Əlibaba Rzayev çıxış edib.

Vəsatətlərin heç biri qəbul olunmayıb. 

Məhkəmə dekabrın 5-dək təxirə salınıb. Həmin gün dövlət ittihamçısının iş istəyəcəyi gözlənilir. 

Ə.Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib.

Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir.

"Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.