Faiq Əmirlinin səhhətində problem var

Faiq Əmirlinin səhhətində problem var

14-09-2017 19:36 / Bu xəbər 1326 dəfə oxundu

"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlini öz məhkəməsinə gətirməyiblər. Bu haqda sentyabrın 14-də Bakı Apellyasiya Məhkəməsində Faiq Əmirlinin işinə baxan hakimlər məlumat verib.

Hakim Vaqif Mursaqulov bildirib ki, F. Əmirlinin hansı səbəbdən gətirilmədiyi onlara bəlli deyil.

Hakimlər F. Əmirlinin haqqında hökmdən verilmiş apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması məsələsini müzakirəyə çıxarıblar. Amma vəkillər Aqil Layıcov və Fəxrəddin Mehdiyev buna etiraz ediblər. Müdafiəçilər məhkəmənin onun özünün iştirakı ilə keçirilməsini istəyiblər.

Bu səbəbdən məhkəmə sentyabrın 15-nə təxirə salınıb.

Vəkil Aqil Layıcov AzadlıqRadiosuna deyib ki, F. Əmirlinin sağlıq durumu ilə əlaqədar məhkəməyə gələ bilmədiyini düşünür. Müdafiəçinin sözlərinə görə, onun səhhətində ciddi problemlər var və durumu günü-gündən daha da pisləşir.

Sentyabrın 13-də həyat yoldaşı Lalə Əmirli bildirib ki, Faiqin yoğun bağırsağında şiş əmələ gəlib. O, həyat yoldaşı ilə telefon danışığı zamanı bundan xəbər tutub:

"Faiq müayinə olunub və ona deyiblər ki, yoğun bağırsağında ciddi problem əmələ gəlib, sol nahiyəsində şiş var. Öd kisəsindəki ağrılar da şiddətlənib, qaytarma halları da intensivləşib".

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra Əmirliyə yeni ağır ittihamlar irəli sürüldü. Ancaq ona verilmiş bəzi ittihamlar məhkəmə öncəsi götürüldü.

F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib.

O, 3 il 3 ay azadlıqdan məhrum edilib.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.