Festival, ya Fəst, Fal

Festival, ya Fəst, Fal

25-11-2017 13:05 / Bu xəbər 186 dəfə oxundu

Fimar

Bir az ayrı-seçkilik, qədirbilməzlik kimi gəlir. Təbiətəmi, cəmiyyətəmi, sərvətlərimizəmi deyim. Ədalətsizlikdir, ciddi anlamda. Bərabərlik pozulub. Hər şey insanımıza olan fərqli münasibətdən başlayır. Fərqli münasibət görən də fərqli münasibət göstərir, ətrafındakılara, ətraf mühitə. Tarazlıq pozulur.

"Ağ qızıl”ın, "Qara qızıl”ın məsələn, fındıqdan nəyi əskikdir? Fındıq bir yana ey, o 40 qəpiklik xurmadan hörmətsizdilərmi? Dövranlarımı keçib, yaraşıqlarımıı itib, ya yaşları ötüb az qazancımı gətirirlər. Heç də belə deyil. Yetmişlərdə, səksənlərdə pambıq Keçici Qırmızı Bayraqların qarantı, hakimiyyətin dayağıydısa, doxsanlarda neft onun yerini aldı. Pillar sel kimi axdı, axdı, çuxura yığıldı. Elə isə "qızıllar”a ögey münasibət niyə var. Qəşəng xanımların ətrini çəkib, suyunu qurudan kişilər kimi pambıqla, neftlə şellənənlər onlara gərəkən dəyəri vermirlər. Pambıq festivalı keçirmirlər. Neftlə üz ağartmırlar. Nahaq!

Azərbaycanda festival sevgisinin tarixi bir az qədimdi. Keçmişlərdə adına "Məhsul bayramı” deyərdilər. Küftənin kələmə bürünüb dolmaya çevrilməsi kimi bir şeydir bu festivallar. Özünü göstərmək üçün insanları istismar etməkdi, bəd əməlləri ört-basdır etmək üçün vualdı. Yaltaqlıqdı… Başlıcası, pul silməkdi. Həm də bir xeyli pulu çölə tökməkdi, məhsulu zay etməkdi. Alma, nar, xurma, fındıq festivalları heç nəyə xidmət etmir, onların soyqırımından savayı. Gül bayramı kimi heç bir siyasi, iqtisadi, mədəni əhəmiyyəti olmayan kütləvi mənimsəmələrdir. Rayonların icra başçıları o festivallarda padşah kimi dimdik keçirlər əyanlarının qarşısından. Kiçik padşah zad da deyillər. Onlar özlərindən böyüklərin yanıında kiçilirlər. İdarə rəhbərləri gecəli-gündüzlü festival meyvəsindən maraqlı "eksponat” hazırlamaq üçün baş sındırır, ciblərindən xərc çəkirlər. Almanı, xurmanı, fındığı rəngləyib hansısa forma verir, bayramdan sonra onu çölə atırlar. Zibilə. Unutmaram, bayramlar, festivallar bir də tv-lərin, arxa cibi olan saytların işinə yarayır. Çörəkpuludur, hər nə qədər olmasa da...

Yemək festivalı keçiriblər təzəlikcə. Bakıda. Olsun. Paytaxta gələn ərəblərin sayını artırmaq üçün olar. Balakəndə xurma festivalı balakənlinin, Göyçayda nar bayramı göyçaylının, eləcə də o birilər o birilərin nəyinə gərəkdi. Rayonların sosial-iqtisadi inkişafı üçün ayrılan pullar əgər o rayonlara gedib çıxırsa, rayon başçıları o "inkişaf”ın bir qırağından loxmalayıb yemək üçün meyvə -tərəvəzlərin "başına corab hörürlərsə”, bunun qarşısı alınmalıdır. Yox əgər bayramlar, festivallar xalqın güzəranı üçündürsə, qoy Şamaxıda üzüm, Bərdədə pambıq, Hövsanda soğan, Gədəbəydə kartof, Şəmkirdə pamidor, Xaşmazda xiyar, Sabirabadda qarpız, Salyanda heyva, Qusarda əzgil, hardasa balqabaq, Göygöldə bal, Gəncədə qaymaq, Qazaxda xəngəl, Qaxda sürhüllü, Lənkəranda ləvəngi, Hacıqabulda qaşqaldaq… belə lap Novxanıda əncir festivalları keçirilsin. 

Bütün sərvətlərin haqqı qorunsun. Sonda onlar da insan deyillər ha.

///azadliq.info