Fikrət Cəfərli: "Afət Həsənova seçilməyib, təyin olunub"

Fikrət Cəfərli:

18-02-2020 20:31 / Bu xəbər 6841 dəfə oxundu

"Bu, hüquqi deyil, siyasi qərardır" 

"32 saylı Suraxanı üçüncü seçki dairəsinə təqdim edilən şikayət və ona əlavə edilmiş aktlar, videolar bu dairənin nəticəsinin ləğvini qaçılmaz edir. Lakin 32 saylı DSK "bunun üçün siyasi qərar lazımdır" deməklə ədalətli qərar vermədi".

Bunu 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd Fikrət Cəfərli Arqument.Az-a deyib.

O bildirib ki, dairənin 1, 2, 3, 4, 5, 12, 15, 16, 17, 18, 19, 20, 21, 23, 25, 26, 27, 28, 30, 31  saylı məntəqələrdə hamının gözü qarşısında karusellə səs vermələr olub. 

Fikrət Cəfərli baş verən qanun pozuntularını aşağıdakı kimi şərh edib: 

"6 saylı məntəqədə məntəqə sədrinin tez-tez səs vermə otağını tərk etməsi, bülletenlərin səs vermə otağında olmaması, karusel, qəsdən işıq sönmə və sonda bülletenlərin sayılmadan qaçırılması;

7 saylı məntəqədə bülletenlərin səs vermə otağında olmaması və sonda sayılmadan  protokol verməkdən imtina edilməsi;

8 saylı məntəqədə məşvərətçi səs hüquqlu komissiya üzvümün əsassız olaraq polis tərəfindən təyziqə məruz qalması, həmçinin məntəqə sədri tərəfindən səslərin elan edilməsi  video çəkilişlə olub. Video çəkilişdə mənim səsim 48, Afət Həsənovanın səsi 41 olub. MSK-nın saytında YAP-dan olan rəqibim Afət Həsənovaya  307 səs yazılıb; 

9 saylı məntəqədə açılış zamanı qanunun tələblərini pozma, karusel, 200 bülleten fərqlə saxtalaşdırma müşahidə edilib. Məntəqə sədri işlənmiş bülletenlərin sayını elan edən zaman  293  elan edir və bu, video çəkilişə düşür. Amma protokolun verilməsindən imtina edir. MSK-nın saytında isə 464 seçicinin iştirak etdiyi qeyd olunub;

10 saylı məntəqədə karusel, səslərin sayılmasına imkan verilmir və sonda protokolun verilməsindən imtina edilir; 

11 saylı  məntəqədə karusel, səslərin sayılmasına imkan verilmir, məntəqə sədrinin "ya mənim dediyim rəqəmlə razılaşın protokolu verim razi deyilsinizsə, protokol verilməyəcək” deməsi; 

13 saylı məntəqədə sədrin özünün karusel səs verməsinə şərait yaratması, səslərin sayılmasına yaxın buraxılması və sonda protokolun verilməsindən imtina edilməsi; 

16 saylı məntəqə sədri protokola möhür vurmaqdan imtina edir və qaçır;

22 saylı məntəqə karusellə idarə olundu. Məntəqə sədri protokol verməkdən imtina etdi və bildirdi ki, protokol 10 fevralda  veriləcək; 

24 saylı məntəqədə səslərin sayılması video çəkilişlə olub. Video çəkilişdə mənim səsim 57,  Afət Həsənovanın 16 səs aldığı təqdirdə MSK-nın saytında A.Həsənovaya 288 səs kimi qeyd olunub;

29 saylı məntəqə səs bülletenlərin sayılmasına imkan verilmədi və məntəqə sədri nümayişkaranə şəkildə protokolun verilməsindən imtina etdi; 

1, 2, 3, 4, 5, 12, 15, 16, 17, 18, 19, 20, 21, 23, 25, 26, 27, 28, 30, 31  saylı məntəqələrdə hamının gözü qarşısında karusellə səs vermələr, sonda bülletenlərin sayılmaması və məntəqə sədrləri tərəfindən protokolların verilməsindən imtina edilib. 

Hörmətli MSK-nın sədri Məzahir Pənahov üçün daha hansı həqiqətləri sübut etməliyik ki, haqq-ədalət zəfər çalsın?", - namizəd qeyd edib. 

O qeyd edib ki, bütün bu pozuntuları video və akt şəkildən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etsə də, MSK 18 fevralda yalnız 3 məntəqədə - 4, 8, 9-cu məntəqələrdə nəticələri ləğv edib. Lakin bu, nəticələrə heç bir təsir etmir. Halbuki qeyd olunan qanun pozuntuları dairə üzrə seçkilərin nəticələrinin ləğvinə hüquqi əsas verir. 

O həmçinin qeyd edib ki, rəqibi Afət Həsənovanın seçilməsi hüquqi deyil, siyasi qərardır. 
 
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün, fevralın 18-də keçirilmiş iclasında qurumun sədri Məzahir Pənahovla Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərli arasında gərginlik yaşanıb.

F.Cəfərli çıxış edəndən sonra M.Pənahov onun fikirlərinə münasibət bildirib.

Bu zaman F.Cəfərli M.Pənahovun sözünü kəsib. MSK sədri isə F.Cəfərlinin iclas zalından çıxarılması barədə göstəriş verib.