Fuad Əhmədli: Məhkəməyə inanmıram, mübariz kişiləri görməyə gəlmişəm

Fuad Əhmədli: Məhkəməyə inanmıram, mübariz kişiləri görməyə gəlmişəm

05-07-2019 17:14 / Bu xəbər 984 dəfə oxundu

AXCP üzvünün apelyasiya şikayəti təmin olunmayıb

İyulun 5-də Bakı Apelyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin cəzasının üçdə ikisini çəkməsi əsasıyla, vaxtından əvvəl azadlığa buraxılması üçün verdiyi şikayətə baxılıb. 

Mayda bu məsələyə Suraxanı Rayon Məhkəməsi baxıb, cəbhəçi fəala "yox" demişdi. 

Apelyasiya şikayəti də həmin qərardan verilib.

İyulun 5-də məhkəmədə əvvəl F.Əhmədli çıxış edib, buraxılmaması barədə qərarın sifarişli olduğunu deyib. Əlavə edib ki, heç bu məhkəmədən də gözləntisi yoxdur. AXCP-dən olan dostlarını gəlib görmək üçün məhkəməyə şikayət verir: 

"Mən AXCP üzvüyəm, bizim üçün dövlət, dövlətçilik atributları ümdə dəyərlərdir. Biz ölkədə sosial bərabərlik, korrupsiyanın yox olması, demokratiya, hüquqi dövlət uğrunda mübarizə aparırıq. Məhkəmələrdə baş verənləri gördükcə insanlarda məhkəmələrə inam ölüb. Mən də inanmıram. Mübarizə aparan kişiləri görmək məqsədilə şikayət vermişəm".

F.Əhmədli deyib ki, layiq olmadığı cəzanın üçdə ikisindən də artığını çəkib. Onu azadlığa buraxmaqdan imtina edən Suraxanı Rayon Məhkəməsinin qərarından danışan cəbhəçi gənc bildirib ki, onu böhtan xarakterli söhbətlər aparan, intihara meylli, müəssisənin iş fəaliyyətini pozmağa yönəlik hərəkətlər edən şəxs kimi təqdim olunub: 

"Cəzaçəkmə müəssisələrinin əməkdaşları arasında öz işini bilən, peşəkarlarla yanaşı, rəhbərlikdən bir "Afərin" eşitməyə görə min hoqqadan çıxanlar da var. Belələrinin mənimlə bağlı neylədiklərini də yaxşı bilirəm. Mənim dörd töhmətim olduğunu yazıblar. Biri ötən il sentyabrın 27-də AXCP sədrinin müşaviri, mənimlə eyni müəssisədə olan Məmməd İbrahimin yatağından bıçaq tapılması iddiası ortaya çıxanda digər cəbhəçi Asif Yusifli və jurnalist Əfqan Muxtarlı ilə bu məsələni müzakirə edirdik. Onda AXCP bəyanat vermişdi ki, bu, dövlət rəhbərliyi səviyyəsində sifarişdir. Bunu müzakirə etdiyimizə görə məni apardılar. Dedilər, izahat yaz ki, niyə bu barədə danışırsız. Mən də dedim ki, bilmirdim, partiyanın bəyanatını müzakirə etmək də qadağandır. Elə belə də izahat yazdım".

Bundan sonra Fuad cərimə kamerasına (kars) salınıb.

Məhkəmədə 16 saylı cəzaçəkmə müəssisəsinin dəstə rəhbəri Asif Kərimov F.Əhmədlinin indiki halda, azadlığa buraxılmasını məqsədəuyğun hesab etmədiklərini bildirib.

F.Əhmədli isə bu şəxsin onun daxil olduğu dördüncü dəstənin yox, ikinci dəstənin rəhbəri olduğunu bildirib.

Prokuror da apelyasiya şikayətinin təmin olunmamasını istəyib.

Hakim Habil Məmmədovun sədrliyilə çıxarılan qərar da şikayətin təmin olunmaması barədə olub.

F.Əhmədli 2016-cı ilin avqustunda həbs olunub. Ona dörd il həbs cəzası kəsilib. Öncə cəbhəçi fəal Fətullah Gülənin tərəfdarı kimi qələmə verilib, evindən onun dini baxışlarına aid kitablar, disklər tapıldığı iddia olunsa da, sonradan Fuada operator işlədiyi "Azefon" şirkətində (Nar Mobile) müştərilərə aid məlumatları yaymaq ittihamı irəli sürülüb.

F.Əhmədli özünü təqsirli bilmir, siyasi fəaliyyətinə görə sifarişlə cəzalandırıldığını deyir.///meydan.tv