Gedənlərimiz

Gedənlərimiz

30-03-2018 16:54 / Bu xəbər 2138 dəfə oxundu

Kamran Mahmudov

Bayram günlərində evdə çox oturğumuzdan hərdən istər-istəməz Azərbaycan televiziyalarını vərəqləyirdim. Bəzənsə həmin ərəfə televiziyaların xəbərlər vaxtına təsadüf edirdi. Televiziyaların səviyyəsindən və xəbərlərindən danışmayacam. Çünki bu barədə çox yazılıb, çox deyilib. Amma hardasa 3 gün əvvəl televiziyaların birində xəbərlər proqramında gedən bir xəbər diqqətimi çəkdi. 

Xəbər başlığı belə idi: "Son 3 ildə Ermənistanı 1 milyon adam tərk edib”. İlk reaksiyam belə oldu. Bundan mənə nə? Və ya bizə nə? Və ya niyə məhz Ermənistan? Bununla hansı informasiyanı Azərbaycan ictimaiyyətinə çatdırmağa çalışır televiziya? Əslində bu sualların hamısının cavabını bilirik. Amma Ermənistanın sosial, iqtisadi, siyasi problemlərinin bizə nə dəxli var? Biz gedib o problemləri həll edəsi deyilik ki? Bəlkə bir az özümüzdə olan problemlərdən danışaq.

Yadıma düşdü ki, 2-3 gün əvvəl Almaniya Miqrasiya Xidmətinin məlumatı yayılmışdı. Həmin məlumatda göstərilirdi ki, həmin ölkəyə sığınacaq üçün ən çox müraciət edən ölkələrin sırasında Azərbaycan 4-cü yerdədir. Fikir verin, 4-cü yerdə. İlk üçlük də maraqlıdır. İlk yerdə Suriya gəlir. Vəziyyətini bilirsiz. Müharibə gedir. Hətta insanlar ölkədən qurtulmaq üçün ölümü gözə alaraq qayıqlarla belə Avropa ölkələrinə daşınmağa razı olurlar. Hazırda dünyanın cəhənnəmi Suriyadır deyə bilərik.

İkinci yerdə İraq gəlir. İraqı illərdir irağ gününə salıblar. Burda məzhəblərarası savaş, etnik savaş səngimir. Hətta ən təhlükəli İŞİD də burda qərarlaşıb. Bomba, partlayış səsi iraqlılar üçün adiləşib. Hətta gündəlik insan tələfatı xəbərləri də. Daha sonrakı yerdə isə Əfqanıstan gəlir. Aclıq, səfalət, qırğın. Hətta Azərbaycanda da İraq və Əfqanıstandan olan qaçqınlara rast gəlmək mümkündür.

Vəziyyəti gərgin və çətin həmin ölkələrdən sonra isə siyahıda Azərbaycanın adı gəlir. Niyə? Bəlkə bu problemi araşdıraq? Səbəbini tapaq?
Keçək rəsmi rəqəmlərə. Almaniyanın "Legat” İnteqrasiya Mərkəzinin məlumatına görə son 3 ildə təkcə bu ölkədən 10 minə yaxın Azərbaycan vətəndaşı sığınacaq almaq üçün müraciət edib. Təkcə Almaniyadan ha. Hələ o biri ölkələrə gedənləri saymırıq.

Niyə həmin Azərbaycan televiziyası Ermənistandan gedənlər barədə xəbəri hay-küylə təqdim edir, amma Azərbaycandan gedənlərə toxunmur? Bəlkə Ermənistandan gedənlərin qayğısını çəkməkdənsə, özümüzün dərdimizə diqqət çəkək? Bəlkə gedənlərin hansı problemlər ücbatından ölkəni tərk etdiklərini araşdıraq? Həllini tapaq? Həllinə çalışaq? Son illərdə Azərbaycandan kimlər getməyib? Alimi, bəstəkarı, müğənnisi, həkimi, yazıçıları, rəssamları, jurnalistləri, hüquq müdafiəçiləri, gənc intelektualları… Bir sözlə ölkədən beyin axını gedir. Ramiz Rövşənin təbiri ilə desək, hər kəs özünə bir vətən düzəltmək ümidilə yollara düşür.

Yeri gəlmişkən, xarici ölkələrdən sığınacaq almaq istəyənlər təkcə müstəqil, müxalifyönlü, sosial-iqtisadi çətinliklərdən əziyyət çəkən vətəndaşlar deyil. Hətta sosial-iqtisadi problemləri olmayan, kifayət qədər normal imkanı olan insanlar da ölkədən gedirlər. Eşitdiklərim arasında nazirlik işçisi, SOCAR işçisi, biznesmen, hakimiyyətin maliyyələşdirdiyi mediada çalışmış jurnalistlər, hətta iqtidarın yanında yer almış siyasi təşkilatların üzvləri də var. Kimi biznesini, kimi özünü qorumaq üçün, kimi övladlarına normal təhsil vermək üçün, kimi də bu ölkədə karyera və başqa məsələlərdə perspektiv görmədiyi üçün çıxıb gediblər. Gedənlər arasında Almaniyadan başqa İsveç, Fransa, Niderland, Norveç, İsveçrə, Çexiya, uzaq Kanada, ABŞ, hətta Avstraliya kimi ölkələrdə özlərinə sığınacaq tapanlar da var. Rusiyaya çörək dalınca gedənləri isə hesaba almıram.

Demək ki, gedənlər keyfindən getmir. Hansısa narazılıqdan öz dədə-baba yurdundan, qohumundan-əqrəbasından, torpağından, elindən-obasından, adət-ənənəsindən, əzizindən-doğmasından uzaq yaşamağa razı olurlar. Hər şeyi gözə alaraq. Burda onları nəsə qane etmir. Nədənsə narazıdırlar. Nədənsə küsüb gedirlər. Özlərinə yer, qiymət tapa bilmədiklərindən gedirlər. Narazı gedirlər. Ümidsizlikdən gedirlər.

Azərbaycan hökumətini də anlayıram. Vətəndaşının ölkədən getməsi, başqa ölkədən sığınacaq istəməsi hər hansı bir hökumətə başucalığı gətirmir. Ona görə gedənlərə pis baxırlar. Onlara "Vətən xaini” kimi yanaşırlar. Amma bu yanaşmadan öncə onların problemləri ilə maraqlansa, onları narazı salan məsələləri aradan qaldırmağa çalışsa, vətəndaş öz doğma vətənini qoyub getməz. Bu problemlərin aradan qaldırılmasına çalışılmaması, üstəlik o vətəndaşların ölkədən narazı getməsinə tutarlı səbəblərin qalması sonradan həmin vətəndaşların qıcığına səbəb olur. Onlar getdikləri yerdə də sakit dayanmırlar. Ölkədən ayrıla bilmirlər. Bu isə yenə də hökumətin qıcığına səbəb olur. Bir sözlə qarşılıqlı atışma davam edir. Ölkədən kənarda da.

Hətta bəzən bütün səddlər aşılır. Küçə səviyyəsinə, söyüş səviyyəsinə enir. Bu barədə çox yazılacaq.

Qayıdaq gedənlərə. Son günlərin trendlərindən biri də odur ki, ölkədən gedənlər və tənqidi fəaliyyətini dayandırmayanlara qarşı hakimiyyət mediasında çalışan jurnalistlər silahlanıblar. Hamısı onlardan yazır, onlardan danışır. Onları ölkənin çiçəklənməsini, inkişafını gözü götürməyən qüvvələr adlandırırlar. Vaxtı ilə ölkənin içində olan fərqli düşüncəli insanlara, müstəqil media orqanlarına dedikləri kimi. Bu dəfə isə onları xaricdə susdurmaq üçün xüsusi mübarizə üsulları təklif edilir.

Amma heç kim onların tənqid etdiyi məsələlərə diqqət çəkmək, onların narazı qaldıqları məsələləri həll etmək, o problemlərin həllinə çalışmaq istəmir. Qərəzlidirlərsə, onları dinləmək, fikir mübadiləsi aparmaq olar. Amma bu formada mübarizə aparmaq sizcə, çıxış yoludurmu, bəylər?

Ayna.az