Gələcəyi yağışa düşən uşaqlar...

Gələcəyi yağışa düşən uşaqlar...

30-09-2016 14:16 / Bu xəbər 1167 dəfə oxundu

Hüseyn Bağırov

Şəhərdən evə dönürdüm. Şiddətli yağış dayanmadan yağırdı. 

Buludlar elə sıxlaşmışdılar ki, sanki səma qaşlarını çatmışdı.

Virtual şəbəkələrdə isə hər kəs yağışın gözəlliyindən yazırdı. Biri yazır, "Xaş havasıdır", digəri isə "Xəngəl havasıdır" və s. 

Elə bu an metro kənarında yağışın altında xırda pul dilənən körpə uşaq diqqətimi cəlb elədi. Belə gözəllik olar?! Yağış altında dilənən evsiz-eşiksiz uşağın günahsız və məsum baxışları bütün gözəlliklərin üstündən xətt çəkirdi.

Bəlkə də, yağan yağış azyaşlı uşağın göz yaşları idi.  Yağış altında nazik köynəyi islanmış, sökük ayaqqabıları su içində, göz yaşları yağışa qarışmış uşağın üzündəki kədəri görən yağışın gözəlliyindən dəm vurmazdı. Əl-ayağı elə titrəyirdi ki, baxdıqca adamın ürəyi əsirdi.

Bütün dünyanın kədəri uşağın üzündə toplanmışdı. Bu idimi gözəllik? Budurmu dünyanın ədaləti?
 
Sizcə də elə deyilmi? Hər bir gözəlliyin altında bir kədər dayanır. Sanki balaca qızcığaz tanrının belə yadından çıxmışdı. Baxışları o qədər gözəl idi ki, bütün dünyanın gözəlliklərin qurban etmək olardı o baxışlara. Yaşıl gözləri qaranlıq havada dərhal seçilirdi.

Yaxında yerləşən marketdən şirin çörək alıb qıza verdim. Sevincindən yerə-göyə sığışmırdı. Elə bil şirin çörək deyil,bütün dünyanı bəxşiş etmişdim. Üzü gülməyə başladı. Qorxa-qorxa təşəkkürünü bildirdi. Səsindən qorxduğu hiss olunurdu. Adətən, belə uşaqlar qorxaq böyüyürlər. Sabaha inamla yaşamırlar. Ümidsiz addımlayırlar. Bir qırıq çörək üçün qışa-yaza baxmadan gecəni çöldə keçirirlər.

Qıraqdan baxanlara asan gəlir. Amma uşağın kədərini anlayan əlini açıb tanrıya yalvarar ki, dayandır bu yağışı!

Belə də yağış olar?!