Gəncə hadisələri ilə bağlı həbs olunanların işi məhkəməyə göndərilib

Gəncə hadisələri ilə bağlı həbs olunanların işi məhkəməyə göndərilib

04-12-2018 13:52 / Bu xəbər 1352 dəfə oxundu

Məhkəmə prosesi Gəncə şəhərində keçiriləcək

Bu ilin iyul ayında Gəncədə baş vermiş hadisələrlə bağlı həbs olunan şəxslərin istintaqı yekunlaşıb, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında belə deyilir. 

Məlumatda bildirilir ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal diniyönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.
Hadisələrlə bağlı bir qrup dindar - Maarif Hacıyev, Xəyal Qafarov, Şahlar Rzayev, Rəşad Böyükkişiyev, Kamal Quliyev və digərləri həbs edilib.

Məlumatda deyilir ki, bu şəxslərin cinayət əlaqəsinə girib sosial şəbəkələrdə, şəxsi görüş və söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yayıblar:

"Bu məqsədlə insanları iyulun 10-da saat 20.00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplamaq barədə çağırışlar yaymalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin adları çəkilən şəxslərin Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaları, zorakılıqlar törətməsi, o cümlədən hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmələrinə, həmin hadisələrdə fəal iştirakına, Xəyal Qafarovun, Samir İbrahimovun və Əli Rzayevin həm də qanunsuz olaraq əl qumbaraları, avtomat silahlara aid patronlar, külli miqdarda narkotik vasitə əldə edib saxlamalarına, gəzdirmələrinə və daşımalarına əsaslı şübhələr müəyyən edilib”.

Məlumatda bildirilir ki, iş üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı noyabrın 26-da, Cinayət Məcəlləsinin 220.1, 228.1 (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə), 234.4.3-cü (Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması) maddələri ilə təqsirləndirilən Xəyal Qafarov, 220.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, 220.1, 228.1, 234.4.3 və 315.2-ci maddələri ilə təqsirləndirilən Samir İbrahimov, 220.1, 234.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Əli Rzayev, 220.1-ci maddəsi ilə təqsirləndirilən Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev və Qadir Hüseynov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı isə noyabrın 30-da tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Nəticədə Elmar Vəliyev və polis serjantı ağır bədən xəsarəti alıb və hazırda müalicəsi davam etdirilir.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib. 

Fakt üzrə Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisələrdən sonra hüquq- mühafizə orqanlarının əməkdaşlarının əmrinə tabe olmayaraq silahlı müqavimət göstərən 6 şəxsin öldürüldüyü bildirilir.

Meydan.Tv