Gəncə hadisələrində şübhəli bilinən daha 2 nəfər həbs edilib

Gəncə hadisələrində şübhəli bilinən daha 2 nəfər həbs edilib

17-08-2018 17:55 / Bu xəbər 1638 dəfə oxundu

''Onların fikri Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq olub''

Avqustun 17-də Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti iyulda Gəncədə baş vermiş olaylarla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, aparılan araşdırmalar nəticəsində iyulun 3-də törədilən cinayətin icraçısının hazırda həbsdə olan Yunis Səfərov, onun yaxınları Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov olduğu məlum olub. Onların fikri Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq imiş. Buna görə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq qərarına gəliblər:

"Onlar bu məqsədlə 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçiblər. Həmin ilin yaz aylarında Gəncəyə gələrək şəhər sakini, hazırda həbsdə olan Hamlet Abdullayevdən 1 ədəd "Kalaşnikov", 1 ədəd "Makarov" markalı tapança alıblar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb,ölkəni tərk ediblər. Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və "Marqulin" markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilmiş xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə öldürülmüş Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıblar".

Məlumatda bildirilir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova verib:

""Kalaşnikov" avtomatını isə dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova bağışlayıb. "Marqulin" markalı tapança isə Anar Bağırovda qalıb. Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb. Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb”.

Yayılan açıqlamada o da bildirilir ki, Aydın Qurbanov və Pərviz Bayramov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İyulun 10-da Gəncə şəhərində aksiya keçirilib və həmin vaxt iki polis zabiti qətlə yetirilib.

Baş prokuror Zakir Qaralov iyulun 30-da keçirdiyi toplantıda demişdi ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə hadisələri ilə bağlı 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqaları tərəfindən öldürülüb, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub.///Meydan.tv