Gəncə hadisələrində şübhəli bilinən şəxslərdən biri öldürüldü

Gəncə hadisələrində şübhəli bilinən şəxslərdən biri öldürüldü

21-07-2018 17:36 / Bu xəbər 2580 dəfə oxundu

Əməliyyat zamanı 8 nəfərin saxlanıldığı deyilir

Gəncə hadisələri ilə bağlı axtarışda olan Anar İslam oğlu Bağırov öldürülüb. Daha 8 nəfər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda belə deyilir. 

Bildirilir ki, cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrupun fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib. Onun silahlı müqavimət göstərdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən öldürüldüyü bildirilir.

"Hadisə yeri və meyitə baxış zamanı A.Bağırovun üzərindən 1 ədəd "Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülüb”, - deyə məlumatda deyilir.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.

İyulun 10-da isə Gəncə şəhərində aksiya keçirilib və həmin vax tiki polis zabiti qətlə yetirilib.