Gəncə hadisələrinə görə həbs olunanlardan biri azadlığa çıxıb

Gəncə hadisələrinə görə həbs olunanlardan biri azadlığa çıxıb

24-08-2019 11:06 / Bu xəbər 1002 dəfə oxundu

7 nəfərin məhkəməsi başa çatıb

Gəncə hadisələrinə görə həbs olunan 7 nəfərlik daha bir qrupun məhkəməsi yekunlaşıb. 

Avqustun 23-də Bakı Apelyasiya Məhkəməsində Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, Elvin Əliyev, İsa Məhərrəmzadə, Aydın Rüstəmov və Alim Yusifovun şikayətləri üzrə qərar elan olunub.

Gəncə Apelyasiya Məhkəməsinin hakimi

Teyyub Muxtarovun sədrliyi ilə çıxarılan qərara əsasən, Elvin Əliyev azadlığa buraxılıb. Məhkəmə ona 1 il həbs cəzası təyin edib və bu müddət artıq başa çatıb. Digər təqsirləndirilən şəxslərdən

Yavər İsmayılzadə və Zabil Məmmədovun cəzası 5 ilə, dörd nəfərin cəzası isə 2 ilə endirilib.

Cəzası iki ilə endirilənlərə Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşların təşkili) maddəsilə bəraət verilib. Onlara yalnız 315-ci (polisə müqavimət) maddəsilə cəza təyin edilib.

Elvin Əliyev azadlığa buraxılandan sonra geniş açıqlama vermək istəməsə də, qısaca "günahsızam" deyib.

Onun vəkili Vəfa Abdullayeva həm də daha iki nəfərin hüquqlarını müdafiə edir. Vəkil təqsirləndirilən şəxslərdən birinin buraxılması, digərlərinin cəzasının azaldılmasının müsbət hal olmasını vurğulasa da, qərardan tam razı qalmayıb. Müdafiəçi Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib: "Mənim müdafiə etdiyim digər iki nəfərdən birinə 2 il, o birinə 5 il verildi. Digər vəkillərlə birlikdə yəqin ki, kassasiya şikayəti verəcəyik".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Yavər İsmayılzadə 9, Zabil Məmmədov 8,5, Qənbər Qarazadə 7,5, Elvin Əliyev 6, İsa Məhərrəmzadə 8, Aydın Rüstəmov 6, Alim Yusifov isə 7,5 il azadlıqdan məhrum edilmişdi.///Meydan.tv